ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistlərə açıqlamasında rusiyalı həmkarı Mariya Zaxarovanın “Qərb özünü reklam etməklə məşğuldur və Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa çalışır” fikrinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Prays ABŞ-ın məqsədinin Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq olduğunu deyib.
“Birincisi, səylərimizin “özünü reklam” kimi qiymətləndirilməsi ilə razılaşmırıq. Ermənistan və Azərbaycan arasında zorakılığa və nəticədə ölümə səbəb olan illərlə davam edən münaqişələrə son qoymağa çalışmaq özünü reklam etməklə əlaqəsi yoxdur. Burada yeganə məqsədimiz bu ölkələr arasında əhatəli və davamlı sülh yaratmaq və nəticədə insanların həyatını xilas etmək üçün birgə işləməyə kömək etməkdir. Bilmirəm, bunu necə özünü reklam kimi başa düşmək olar.
Dövlət katibinin vurğuladığı kimi, biz Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqik. Hər iki lideri (Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan) onlar üçün ən uyğun formatda görüşməyə təşviq edirik. Hesab edirik ki, birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır”, - ABŞ rəsmisi bildirib.
Prays oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında gözlənilən görüşə də münasibət bildirib:
“Yekunda Azərbaycan və Ermənistan Prezident Putinin dəvətinin davamlı sülhə nail olmaq üçün faydalı və ya uyğun olub-olmayacağına qərar verməlidir. Rusiyanın 2008-ci ildə Gürcüstana təcavüzü və Ukraynaya davam edən qəddar müdaxiləsi Moskvanın qonşularının suverenliyinə çox az hörmət etdiyini göstərir və çətin ki, o, etibarlı, uzunmüddətli tərəfdaş ola bilsin. Amma son nəticədə bu, Ermənistan və Azərbaycanın verməli olduğu qərar olacaq.
Son nəticədə Cənubi Qafqaz ölkələrinin suverenliyini və müstəqilliyini ABŞ-dan böyük dəstəkləyən yoxdur. 1991-ci ildə Ermənistan, Azərbaycan və Gürcüstanın Sovet İttifaqından müstəqilliklərini bərpa etməsi bu ölkələrin hər birinin öz xarici siyasət maraqlarını Moskvadan və ya hər hansı digər ölkədən asılı olmayaraq həyata keçirmək hüququnu təmin edən mühüm hadisə idi”.