Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına hər cür kömək göstərməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri departamentinin direktoru Denis Qonçar deyib.
“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması, o cümlədən Rusiya ərazisində müvafiq üçtərəfli yüksək səviyyəli görüşlərin təşkili yolu ilə bundan sonra da hər cür yardım göstərməyə hazırıq. Hər iki tərəf üçün son dərəcə həssas olan bu proseslər qarşılıqlı məqbul və uzunmüddətli həll yollarının axtarışını tələb edir”, - diplomat bildirib.
Onun sözlərinə görə, danışıqların təfərrüatlarının açıqlanması və ya tərəflərin mövqelərinin mətbuatda müzakirəsi heç də həmişə faydalı olmur:
“Həmçinin iki ölkənin ictimaiyyəti və ekspertləri arasında müntəzəm təmaslar hazırlayırıq. Birgə səylərin bu mühüm sahəsi Ermənistan və Azərbaycan arasında münasibətlərdə etimad mühitinin formalaşmasına töhfə vermək üçün nəzərdə tutulub”.
Qonçar hesab edir ki, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə edilmiş anlaşma əsasında Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşmasının yol xəritəsini formalaşdırmaq olar.
Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi kommunikasiyaların blokadadan çıxarılmasına gəlincə, diplomat qeyd edib ki, dekabrın 6-da Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə üçtərəfli işçi qrupunun 11-ci iclası keçirilib:
“Üç ölkə arasında və regionda dəmir yolu tikintisi, dəmir yolu rabitəsinin inkişafı və daşımaların təşkili məsələləri ətraflı müzakirə olunub. Azərbaycan və Ermənistan nəqliyyat kommunikasiyalarının açılması səylərində Rusiyanın müsbət rolunu qeyd ediblər”.