Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.
Mədəniyyət xadimləri təbriklərini Teleqraf.com-a bölüşüblər.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar: "Hörmətli prezidentimiz İlham Əliyevi ad günü münasibəti ilə təbrik edirəm. Azərbaycanın xoşbəxtliyi naminə cənab prezidentimiz İlham Əliyevə uzun illər və səmərəli fəaliyyət arzulayıram. Hər zaman prezident İlham Əliyevin Azərbaycan Yazıçılar Birliyinə, yazıçılara, şairlərə qayğısını hiss edirik. Ona görə cənab prezidentə çox minnətdarıq. Yaxın günlərdə Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayı keçirildi. Qurultaya cənab prezidentin həm mənəvi, həm maddi dəstəyi oldu. Ona görə də bir daha təşəkkür edirəm. İlham Əliyevlə sonuncu dəfə Şuşada görüşmüşdük".
Xalq artisti Flora Kərimova: "Millətimin, Azərbaycanımın oğlu İlham Əliyevin ad günüdür. Bu böyük insanın varlığına görə ailəsinə borcluyuq! Oğul, nə yaxşı ki, siz varsınız! 30 il həsrət içində "Şuşa, sən azadsan!" sözünü gözlədik. Bu sözü sizdən, Azərbaycanın böyük övladından eşitdik. Bizə qürurumuzu, varlığımızı qaytardınız. Bizim kimliyimizi dünyaya car elədiniz. Allah sizi bizə çox görməsin! Mənim sizə bir insan olaraq böyük hərflərlə vəfa borcum var, Şuşama, torpağıma və şəxsi zəmində...
Ümumiyyətlə, Qarabağın işğalından sonra ad günümü unutmuşam, həm də 23 iyul Ağdamın işğal günüdür. Siz o qədər nazik düşüncəlisiniz ki, 31 iyulda qızımın doğum günündə "Şərəf" ordeni ilə şərəfləndirdiniz. Bununla qızımı mənim həyat tariximdə yaşatdınız. Tarix boyu qismətimizə mübarizə düşdü. Millətim də bilir ki, torpaqlarımızı itirə-itirə yaşadıq. İlk dəfədir ki, Azərbaycanımızın tarixində şəhidlərimizin qanı bahasına itirilən torpaqlarımızı qaytardıq. "Dəmir yumruq" öz sözünü dedi, qürurumuzu qaytardı, kimliyimizi dünyaya car elədi, düşmənlərimizə sipər oldu. Allah sizi bizə çox görməsin. Mən əminəm ki, hər bir qadının ürəyində sizə bir ana sevgisi var. Hər bir igid sizə oxşamaq istəyir. Hər bir igid sizin adınızla addımlayır. Vətəndaş vətəninin xoşbəxtliyini yaşayar. Ona xoşbəxtlik arzulayar və o yolda da mübarizə edər. Valideyn övladlarının xoş gününü, nəvə-nəticəsini görmək istəyər. Bunların hamısı ürəyinizə görə sizə qismət oldu. Millətimizə, torpağımıza can yandırdığınıza görə, ömrümün sonuna qədər sizə borcluyam. Ana balaya nə arzu edər? Oğluna deyər ki, oğul boyuna qurban olum! Allah sizi saxlasın! Yaşayın, millətimizin, Azərbaycanımızın sizə böyük ehtiyacı var. Güvən yerimiz, həyatımızın işığı, bir ana kimi deyirəm gözümün nuru, Sizi təbrik edirəm!".
Xalq artisti Afaq Bəşirqızı: "Yaşından asılı olmayaraq insan üçün doğum günü doğrudan da sevincli, müqəddəs, yadda qalan bir gündür. Bu günü qeyri-ixtiyari təbrik, hədiyyə gözləyirsən və o günün xüsusi olduğunu hamının yanında vurğulamaq istəyirsən. Bu gün Sizin belə bir gününüz, doğum gününüzdür! Sizi ürəkdən təbrik edirəm. Ən əsası can sağlığı arzulayıram. Çünki Siz böyük bir dövlətin rəhbərisiniz. Sizə mütləq can sağlığı lazımdır. Siz mənfur düşmənin ayaqları altında olan müqəddəs torpaqlarımızı xalqa hədiyyə etdiniz, qaytardınız. Bundan böyük hədiyyə ola bilməzdi. Fikirləşirəm ki, biz Sizə nə hədiyyə edə bilərik. Əlbəttə ki, Siz deyə bilərsiniz ki, varlığınız, xalqımı xoş-firavan görmək mənim üçün hədiyyədir. Bütün bunlar var, amma ən əsası və ən böyük hədiyyə odur ki, biz Sizi sevirik! Bu sevgi içində həm doğmalıq, həm yaxınlıq, həm qədir bilmə, həm inam və ən əsası isə "Dəmir yumruq" var. O "Dəmir yumruq" birlik deməkdir. Sizə bir daha can sağlığı arzu edirəm. Mədəniyyət hər bir millətin gerbidir. Mədəniyyət sahəsinə göstərdiyiniz münasibət təqdirəlayiqdir. Sizi təbrik edirəm, cənab prezident İlham Əliyev!".