“Erməni ASALA terror təşkilatının İran üçün nə qədər önəmli olduğunu bu cür tarixi məsələlərin içində olanlar bilir”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-da fəaliyyət göstərən Türk-Amerika Təhlükəsizlik Fondunun (TASFO) rəhbəri Fatih Özonur deyib.
TASFO rəhbərinin Azərbaycanın İrandakı səfirliyinə terror hücumuna münasibəti belədir:
“Əlli il əvvəl – 1973-cü il yanvarın 27-də Kaliforniya ştatının Santa-Barbara şəhərində Türkiyənin Los-Ancelesdəki baş konsulu Məhmət Baydar və köməkçisi Bahadır Dəmir erməni terrorçu, daşnak Qurgen Yanikyan tərəfindən canicə qətlə yetirilmişdi. Terrorçu cinayəti törətdikdən sonra erməni qəzetlərinin redaksiyalarına zəng edərək, türklərə qarşı qanlı aktlara çağırış etmişdi. Üç qitənin 21 ölkəsində və 35 şəhərində yüzlərlə terror aktı törədən qlobal erməni terrorunun başladığı gündən yarım əsr sonra, yəni bu ilin yanvarın 23-də Azərbaycanın Tehrandakı səfirliyinə “Kalaşnikov”la hücum edildi. Azərbaycan səfirliyinin təhlükəsizlik əməkdaşı Orxan Əsgərov hücumda şəhid oldu.
Baş verənlərlə əlaqəli çoxsaylı suallar var. Məsələn, bu aktı həyata keçirənin əsl kimliyi niyə hələ də açıqlanmır, səbəb nədir? Ən önəmlisi, bu addımın 27 yanvar tarixinə rast gəlməsi təsadüfidirmi? Yoxsa Türkiyənin Türküstanda türk birliyinə nail olmaq səylərinə, xüsusilə İran rejiminin özünə “təhdid” kimi gördüyü Zəngəzur dəhlizinə qarşı yeni terror dalğasının başladılması üçün "yatmış hücrələr"ə bir mesajdırmı?
Ən qəribə məqamlardan biri də baş verənlərə İran rəsmilərinin geyindirmək istədikləri başqa libasdır. İran rəsmiləri hansı əsrdə yaşayırlar ki, dünya ictimaiyyətini ələ salırmış kimi üzərində “Molotov kokteyli”, əlində “Kalaşnikov” olan aqressoru “iki uşağı ilə səfirliyə gəlmiş ailə problemi olan şəxs” kimi təqdim edir?! İranlı rəsmilər belə bir yalanın XXI əsrdə təkcə kameralar və mobil telefonlarla ifşa ediləcəyini bilməyəcək qədər geridə qalıblar?
Səfirliyə hücum edən şəxs aktı törətməzdən əvvəl öz avtomobili ilə qapının önündə duran Azərbaycan səfirliyinin xidməti avtomobilini vurur. Bunu da ona görə edir ki, səfirliyin işçiləri səs-küyü eşidib çölə çıxmaq üçün qapını açsınlar, o da bundan istifadə edərək, qanlı aktını həyata keçirsin. Bizim bildiyimiz budur ki, bir ölkənin səfirlik və baş konsulluğunu qorumaq məsuliyyətini daşıyan bir dövlətin polisi, mühafizəçisi həyatı bahasına olsa da, belə bir hücuma yerindəcə silahlı müdaxilə etməliydi. Amma tam əksini gördük. Azərbaycan səfirliyinin önündəki mühafizə postunda dayanmış polis və ya mühafizəçi olaya müdaxilə edtmək əvəzinə, oradan uzaqlaşır.
Səbəbi nədir, yoxsa bilmədiyimiz başqa bir şey var? Yoxsa təxmin etdiyimiz kimi bir “ailə məsələsi” yox, baş verəcəyi əvvəldən bilinən terror aktıdır? Ailə problemi olan və hər şeyi gözə alan bir şəxs çöldə gözləyər, bir ölkənin rəsmi qurumlarına və ya personalına hücum etməz. Əlbəttə, bu, bizim şəxsi düşüncəmizdir”.
Fatih Özonur İran rejiminin erməni terror təşkilatları ilə əlaqələrinə də diqqət çəkib:
“Qurulduğu tarixdən bəri – 15 ildir erməni terror təşkilatları, terrorçuları və onların törətdikləri qanlı aktları araşdıran TASFO İran rəsmilərinin axmaq açıqlamalarının əksinə olaraq, bu olayın fərqli bir ölçüyə sahib olduğuna inanır.
Erməni ASALA terror təşkilatının İran üçün nə qədər önəmli olduğunu bu cür tarixi məsələlərin içində olanlar bilir.
İsrailin 1982-ci ildə Livanın cənubuna hücumundan sonra İranın erməni əhalisinin özəllikləri və sahib olduqları haqları nəzərə alan, ən önəmlisi, Amerikanı ortaq düşmən kimi görən ASALA terrorçuları İrana getmiş, bu ölkənin İraqla savaşında ona hər cür dəstəyi vermişdilər. ASALA-nın bu dəstəyinin altında qalmayan İran 1982-ci ildən etibarən türk diplomatlarını hədəfə alan erməni terror təşkilatlarının ən şiddətli hücumlarının baş verdiyi illərdə ASALA-nı öz ərazisində düşərgə ilə təmin etmiş, ona silah vermişdi.
İran o illərdə ASALA-ya elə bir “vəfa borcu” ödəmişdi ki, bu terror təşkilatının 1984-cü il aprelin 28-də Türkiyənin Tehrandakı səfirliyinin katibi Şadiyə Yöndərin həyat yoldaşı İşıq Yöndəri qətlə yetirən iki ASALA terrorçusunu yaxalamasına baxmayaraq, Ankaranın bütün müraciətlərini eşitməzdən gələrək təhvil verməmişdi.
ASALA kimi PKK terror təşkilatı ilə belə bir yaxınlığı olan İran rejimindən bir neçə gün əvvəl Azərbaycan səfirliyinə hücum edən terrorçunun əsl kimliyi barədə açıqlama verməsini gözləyirik.
TASFO İranda qardaş ölkə - Can Azərbaycanımızın səfirliyinə edilən terror hücumunu ən sərt şəkildə qınayır, şəhidimiz Orxan Əsgərova Allahdan rəhmət diləyir. Olayın daha da böyüməsini önləyən səfirliyin qəhrəman əməkdaşına da ayrıca təşəkkür edirik, Allah ondan razı olsun, çox böyük iş gördü, həm də çox böyük”.