“Prezident İlham Əliyev az öncə Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edərək başsağlığı diləklərini çatdırdı. Qiymətləndirmələrini bizimlə bölüşdü. Bildirdi ki, sadəcə bu gün deyil, sabah da Azərbaycan Türkiyənin yanındadır. Hər cür dəstəyi göstərməyə hazır olduğunu bildirdi”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı deyib.
Cahid Bağçı Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım göstərən könüllü azərbaycanlılara təşəkkür edib: “700 dən çox xilasetmə qrupları, eləcə də təlim keçmiş itlər Adana Hava Limanından Türkiyəyə çatdırılıb. Azərbaycanlı qardaşlarımız əllərindən nə gəlirsə, yardım edirlər. Hazırda iki platformada bu yardımlar toplanır. Zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıblar. Paralel olaraq Heydər Əliyev Fondu da ayrıca bir fəaliyyət göstərir. Hər kəsə çox təşəkkür edirəm. Bu gün tək ürək olduğumuzun konkret göstəricisini burada gördük. İnşallah Türkiyə ən yaxın zamanda bu yaralarını saracaq. Acımız böyükdür, itkilərimiz çoxdur, amma Türkiyə bu fırtınadan sağ çıxacaq”.
Səfir Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazir Əli Əsədov başda olmaqla bütün nazirlərin ona zəng etdiyini deyib: “Onlar üzərinə düşəni etməyə hazır olduqlarını bildirdilər. Az öncə də YAP-ın sədr müavini Tahir Budaqov da Prezidentin təlimatı üzrə zəng etmişdi. Bir sıra məsələləri nəzərdən keçirdik”.