Dünən Xankəndidəki bir neçə separatçı, eləcə də qondarma qurumun “anti-böhran şurasının sədri” Tiqran Petrosyan Rusiya sülhməramlılarının komandiri, general-polkovnik Aleksandr Lentsovla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat verib.
“Görüş çox qızğın atmosferdə keçib. Lentsov bildirib ki, Rusiya Laçın yolundakı vəziyyətə görə Nikol Paşinyan qədər məsuliyyət daşımır və baş verənlərə nəzər salsanız, Paşinyanın “Qarabağ Azərbaycandır” bəyanatından sonra yolun bağlandığını görərsiniz. O, həmçinin qeyd edib ki, onlar əmrləri icra edirlər, siyasi platformada qərarlar qəbul olunmalıdır”, - məlumatda deyilir.
Nəşr qeyd edir ki, separatçılar rus generalla görüşdən narazı qalıblar.
Separatçıların iddialarının əksinə olaraq, Laçındakı sərhəd-buraxılış məntəqəsi humanitar keçidlər üçün açıqdır. Sadəcə əvvəllər olduğu kimi ərazilərimizə (Qarabağın dağlıq hissəsinə) qanunsuz silah-sursat və canlı qüvvə daşıya bilmədikləri üçün saxta hay-küy qaldırıblar.