4 Sentyabr 2023 14:32
3 663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Regionda vəziyyət mürəkkəbləşib, bütövlükdə Cənubi Qafqaz uğrunda savaş kəskinləşib. Səhnədə Fransa və Rusiya çatışmasını görürük. Bu, yalnız Fransanın ortalığa atdığı məsələ deyil. Cənubi Qafqazdan Rusiyanı uzaqlaşdırmaq siyasəti gedir. Artıq bu, region ölkələrini maraqlandıran məsələdən çıxıb, qlobal məsələyə çevrilib.

Teleqraf.com-a açıqlamasında Natiq Miri belə deyib.

O qeyd edib ki, Ukrayna-Rusiya cəbhəsində baş verən hadisələrin nəticələri tədricən Rusiyanın geosiyasi maraqları olduğu bütün regionlara təsir edir: "Bu kontekstdə Rusiyanın Cənubi Qafqazda sıxışdırıldığı təqdirdə, Fransa bu boşluğu tutmaq istəyir. Əvvəlcə Ermənistana yerləşmək, möhkəmlənmək, bundan sonra hətta Qarabağa yerləşməklə Azərbaycana təsir və təzyiq imkanları əldə etmək istəyir.

Düşünürəm ki, Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə konkret təkliflər edəcək. Təkliflər bundan ibarət olacaq ki, Türkiyə-Rusiya-Azərbaycan kontekstində Qarabağ probleminin həllini birdəfəlik ortaya qoysunlar. Bu vəziyyətdə Azərbaycanın Ermənistanla yumşaq sülh imzalamasına ehtiyac yoxdur. Sülh müqaviləsinin olması problemlərin həlli anlamına gəlməyəcək. Çünki Qarabağ problemi həll olunmadan sülh müqaviləsinin imzalanması heç bir mahiyyət daşımayacaq. Türkiyənin əsas təşvişi bununla bağlı olacaq".

Onun sözlərinə görə, Qarabağ problemi həll olunandan sonra Azərbaycan, Türkiyə, Rusiya və İran birlikdə Zəngəzur məsələsini də həll edə bilərlər: "Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskva görüşündən sonra İrana səfər etdi. Bu o dəməkdir ki, Rusiya-Türkiyə-İran kontekstində ortaq müzakirə olunacaq məsələlər var. Azərbaycan-Ermənistan münasibətləri kontekstində Zəngəzur dəhlizinin açılması məsələsi var. İran hələ də əngəlləyici rolunu ortaya qoyur. Əgər bu konstruktiv təklif qəbul edilərsə, İran da bu prosesə qoşularsa artıq Ermənistanın qaçacaq yeri qalmayacaq. Bu görüşün çox əhəmiyyətli olacağını düşünürəm. Bu cür razılaşma əldə olunarsa, bəlkə də irəlidə 10 illiyin ən vacib strateji görüşü olacaq".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər