“Azərbaycanla yeni müharibə ehtimalı kifayət qədər artıb”.
Teleqraf.com xəbər verir ki, bunu “Ana Ermənistan” alyansının rəhbəri Andranik Tevanyan deyib.
Siyasətçi bölgədə gərginliyin artmasına görə Ermənistan rəhbərliyini ittiham edib.
“Ermənistan rəhbərliyi təbii müttəfiqlərimiz və strateji dostlarımızla münasibətlərimizi də qarşıdurma həddinə gətirir. İran və Rusiyadan danışıram. Diplomatik cəbhədəki düşmənçilik müsbət heç nəyə gətirib çıxara bilməz”, - Tevanyan bildirib.
Alyans rəhbəri İrəvanın atdığı bir sıra addımların İran və Rusiyanı Ermənistandan uzaqlaşdırdığını iddia edir:
“Gərginliyin artdığı vaxtda strateji müttəfiqlərimizə heç bir müsbət impuls verməyən Ermənistan-ABŞ hərbi təlimlərinə təşəbbüs göstərmək qəribədir. Bu, bizim tək qalmağımıza işarə ola bilər. Avropa Birliyinin müşahidəçiləri kimi Ermənistan-Amerika hərbi təlimləri də heç nə verməyəcək. Amma İran və Rusiya ilə aramızda gərginlik yarada bilər”.