“Şuşanın işğalından bir gün əvvəl Petrosyan hansı məntiqlə Qarabağ münaqişəsinin nizamlanmasıyla bağlı Tehranda Azərbaycanla sazişə imza atıb?”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Ermənistan müxalifəti və hakimiyyəti arasındakı Qarabağ gərginliyinə diqqət çəkib:
“Ermənistan müxalifətinin təmsilçiləri Baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edərkən, irəli sürdükləri arqumentlərlə özlərini dolaşdırırlar. Məsələn, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqres Partiyasının sədr müavini Levon Zurabyan Paşinyanı 1991-ci il Almatı bəyannaməsini tez-tez hallandırmaqla bununla manipulyasiyada ittiham edib: “Paşinyan iddia edir ki, Petrosyan 1991-ci ildə Almatı bəyannaməsinə imza atmaqla Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Paşinyan Levon Ter-Petrosyanın həmin illərdə verdiyi müsahibəsinə istinad edərək, birinci prezidentin Qarabağa Azərbaycanın tərkibində geniş muxtariyyətə razılaşdığını bildirib. Bunlar yalandır. Petrosyan ərazi bütövlüklərinin keçmiş muxtariyyətlərə dəxli olmadan bəyanatı imzalayıb”.
Zurabyan yalan danışdığını sonrakı cümləsində etiraf edib: “Levon Ter-Petrosyan 1992-ci ildə Rusiyanın “Komsomolskaya qazeta” nəşrinə verdiyi müsahibədə yüksək muxtariyyətin Qarabağa və Azərbaycana faydalı olduğunu bildirmişdi. Ancaq bu müsahibədən 2 ay sonra “erməni ordusu” Şuşanı “azad” etdi. Bu əməliyyat Ermənistan hakimiyyəti ilə razılaşdırılmışdı. Petrosyan müsahibəsiylə əməliyyatın informasiya dəstəyini gücləndirmişdi”.
Zurabyan bu açıqlaması ilə Paşinyanı deyil, öz lideri Petrosyanı zərbə altına qoyur. Petrosyan Şuşanın işğalından iki ay əvvəl hansı məntiqlə Azərbaycanın ərazi bütövlüyünü tanımaqla separatçılara informasiya dəstəyi verib? İkincisi, Şuşanın işğalından bir gün əvvəl Petrosyan hanı məntiqlə Qarabağ münaqişəsinin nizamlanmasıyla bağlı Tehranda Azərbaycanla sazişə imza atıb? Zurabyanın məntiqilə çıxış etsək, Petrosyan Tehrandakı sazişi də Şuşanın işğalından “diqqəti yayındırmaq” üçün imzalamışdı.
Əslində, separatçılar Petrosyanla deyil, Rusiyadakı mərkəzlərin təlimatıyla hərəkət edirdilər. Əks halda həmin separatçılar Petrosyanı devirib Ermənistana da nəzarəti ələ keçirməzdilər”.