16 Sentyabr 2023 19:15
1 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən MDB Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 33-cü iclasında və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə ölkəmizə gəlmiş Özbəkistan, Qazaxıstan və Qırğız Respublikasının Baş prokurorları Niqmatılla Yuldaşev, Berik Asılov və Zuluşev Toktoralyeviç, Türkmənistan Baş prokurorunun müavini Allanazar Nyazlıevin rəhbərlik etdiyi nümayəndə həyətləri, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibin müavini Jandos Asanov və Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin nümayəndəsi İqor Malaşeviç Şuşa və Füzuliyə səfər ediblər.

Teleqraf.com xəbər verir ki, səfər iştirakçıları Şuşa şəhərində Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Qala divarları, Gəncə qapısı və bir sıra tarixi-mədəni abidələrini ziyarət edib, erməni vandalizminin ağır nəticələrini təəssüf hissi ilə müşahidə edib, mədəniyyət paytaxtımızda görülmüş bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.

Səfər iştirakçıları həmçinin Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri yerləşən Şuşa şəhər mərkəzi meydanında olub, onlara güllələnmiş heykəllər barədə məlumat verilib. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Ermənistandan alınaraq Azərbaycana gətirilən, Şuşa işğaldan azad olunduqdan sonra Ali Baş Komandan cənab İlham Əliyevin təşəbbüsü ilə öz əvvəlki yerlərinə qaytarılan heykəllər bizim tarixi zəfərimizin, böyük qayıdışımızın simvoludur.

Qonaqlar həmçinin Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində Ulu Öndərin Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf sahələrindəki xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomaterialların nümayiş etdirildiyi “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıb, Şuşaya səfərlərinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-ci ilinə təsadüf etməsinin xüsusi əhəmiyyətindən danışıblar.

Səfər çərçivəsində, həmçinin Füzuli rayonuna gedən qonaqlar orada aparılan yenidənqurma işləri, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr, o cümlədən yeni salınmış yaşayış massivləri və digər sosial təyinatlı obyektlərin onlarda böyük təəssürat yaratdığını, dövlət başçısının quruculuq işinə verdiyi böyük önəmin işlərin sürət və keyfiyyətində hiss etdiklərini qeyd edib, o cümlədən Füzuli şəhərində qardaş Özbəkistan dövləti tərəfindən inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə olublar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər