“Ermənistan Fransanın təhriki ilə sülhdən yayınır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert Ermənistan rəhbərliyinin sülhlə bağlı açıqlamalarında səmimi olmadığını bildirib:
“Paşinyan Avropa Parlamentində çıxışında ilin axırına kimi Azərbaycanla sülh müqaviləsinini imzalamağa hazır olduğunu bildirdi. Qənaətimə görə, Ermənistan baş naziri bununla tez-tez anti-Azərbaycan qərarlarının qəbul olunduğu Avropa parlamentində özünü “sülhpərvər” kimi göstərir. Halbuki Paşinyan “sülh müqaviləsi”ndən danışanda buna əngəl yaradan şərtlərindən bəhs etmir.
İrəvan 44 günlük müharibədən sonra Bakının bütün sülh təkliflərinə qeyri-konustruktiv cavab verib, təkliflər irəli sürüb faktiki sülhdən yayınıb. Paşinyanın anklavlarla bağlı son açıqlaması da bu qəbildəndir. O iddia edir ki, guya Azərbaycanın nəzarətində olan “erməni kəndləri” var. Bir sözlə, Paşinyanın absurd gündəliyi sülh istiqamətində bütün irəliləyişlərin üstündən xətt çəkir.
Paşinyan Strasburqda “sülh”dən danışanda yaxın adamı İrəvanda “artsax oyunu”na başlayıb. Babayan Samvel Şahmaryanın buraxdığı qondarma rejimin və buna dair “fərman”ın bərpasını gündəmə gətirib. Babayan və bir qrup separatçı bununla bağlı Konustitusiya Məhkəməsinə mütaciət edəcəklərini deyib. Əlbəttə, belə bir şey mümkün deyil, buna getsələr belə, nələrinsə dəyişəcəyini düşünmürəm. Yəni Ermənistan baş naziri sülhdə israrlıdırsa, o zaman ətrafını təmizləməlidir, separatçı iddialarından vaz keçməlidir”.
Məhəmməd Əsədullazadə Ermənistanın Fransanın təhriki ilə hərəkət etdiyini söyləyib:
“Ermənistan Fransanın təhriki ilə sülhdən yayınır. Hər ikisi qondarma faktlarla Azərbaycanı şantaj etməyə çalışır. Eyni zamanda, Paşinyan Strasburqda olarkən Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekorunu Ermənistana göndəriləcək silahlardan, müdafiənin gücləndirilməsi üçün vədlərdən danışıb. Əgər Ermənistan baş nazirinin məqsədi sülhdürsə, yeni silahlar almaq onun nəyinə lazımdır? Həm də Fransadan. Əlbəttə, belə səylərin heç bir nəticəsi və təsiri olmayacaq. Paşinyan anlamalıdır ki, Ermənistanın qonşusu Fransa yox, Azərbaycandır və bu qonşusuna qarşı atdığı addımların nə ilə nəticələndiyini həmişə yadında saxlamalıdır”.