Azərbaycanın 19 sentyabr antiterror tədbirlərindən sonra Laçın dəhlizi söhbəti öz əhəmiyyətini itirib. Yəni gedənlər gedib, qalanları qalıb. Ümumiyyətlə, yol artıq bağlanmalıdır.
Bunu Teleqraf.com-a Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
Onun sözlərinə görə, sülhməramlıların Rusiyaya gediş-gəlişi Azərbaycan üzərindən reallaşmalıdır:
“Hər halda Azərbaycan bir az səbr edir ki, vəziyyət sakitləşsin. Beynəlxalq aləmdə Azərbaycanın üzərinə gəlinməsi prosesi dayanandan sonra Rusiya ilə bu məsələni dəqiqləşdirəcək. Xankəndidə terrorçular fəaliyyət göstərdiyi müddətdə Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya hərbçilərinə Azərbaycanın şimal bölgəsindən gəlməyi və ya təyyarə ilə Azərbaycan üzərindən gəlib oraya qatarla Ağdam yolu ilə getməyi məsləhət bilmişdi. Rusiya sülhməramlılarının bölgədən çıxarılması məsələsi çox aktualdır. Əminəm ki, 2025-dən sonra rus sülhməramlıları Azərbaycan ərazisində olmayacaq. Hələlik onların burada qalması məqsədə uyğundur”.
Tural Abbaslı bildirib ki, Rusiyanın regionda qalmağını otuz il ermənilər təmin edib:
“Rusiya Paşinyanla qarşıdurmadadır. Paşinyanın hakimiyyətdən getməsi üçün əlindən gələni edir. Amma onun hakimiyyətdən getməsini təmin etmək üçün Rusiyaya müttəfiqlər lazımdır. Bu müttəfiqlər Köçəryan-Sərkisyan cütlüyüdür. Rusiya Ermənistan münasibəti hamıya bəllidir. Bizim üçün bir uğurdur ki, indiyə qədər Ermənistan məsələsində Rusiya bitərəf mövqedə durub. Bu da Paşinyanın göstərdiyi fəaliyyətə uyğundur”.