29 Noyabr 2023 22:02
9 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Osmanlı dövründə Britaniyaya aparılan Elgin mərmərləri krallıqla Yunanıstan arasında diplomatik böhrana səbəb olub. Baş nazir Rişi Sunakın yunan həmkarı Kiriakos Mitsotakislə görüşünü ləğv etməsi Afinanı silkələyib. Radikal yunan mətbuatı Britaniya baş nazirini söyür.

Teleqraf.com xəbər verir ki, Mitsotakis bazar günü Londona üçgünlük səfərə gedib.

Səfər çərçivəsində iki ölkənin baş nazirləri arasında görüş planlaşdırılırdı. Amma Mitsotakisin BBC-yə müsahibəsində Elgin mərmərləri ilə bağlı açıqlaması təpkilərə yol açıb. Bundan sonra Mitsotakisin Sunakla görüşü ləğv edilib və ona baş nazirin müavini Oliver Daudenlə görüş təklif olunub.

Gərginliyin başlamasından sonra Mitsotakis açıqlamasında belə deyib:

“Britaniya baş nazirinin planlaşdırılan görüşü saatlar əvvəl ləğv etməsindən narahat olduğumu bildirirəm”.

Britaniya baş nazirinin ofisindən (Downing Street) verilən açıqlamada Yunanıstan səfər zamanı tarixi abidələr mövzusunu gündəmə gətirməmək vədini yerinə yetirməməkdə ittiham edilib.

Sunakın Mitsotakislə görüşünü ləğv etməsi radikal yunan mətbuatını qəzəbləndirib.

“Political” qəzeti Britaniya baş nazirini “Ərdoğanın yeniçərisi” adlandırıb. Qeyd edək ki, “yeniçəri” Osmanlı dönəmində “yeni döyüşçü” anlamında işlədilirdi. Yeniçəri XIV-XIX əsrlərdə Osmanlı ordusunda daimi piyada qoşunu idi.

“Eleftheros Typos” nəşrinin mövzu ilə əlaqədar manşetində verdiyi məqalə belə adlanır: “Ayıb olsun sizə, cənab Sunak”.

Tomanifesto.gr saytı Britaniya baş nazirini “Bidətçi, əclaf, alçaq” kimi qələmə verib.

Ən sərt başlıq isə “Elefteri Ora” adlı qəzetdən gəlib. Nəşr Sunakın hind köklərinə istinad edərək, onu “siçovul üzlü baş nazir” adlandırıb və ünvanına ingiliscə söyüşlər yağdırıb.

Afina Akropolunun bir hissəsi olan Elgin mərmərləri Londondakı Britaniya Muzeyində saxlanılır. 1800-cü illərin əvvəllərində İstanbulda səfir olan Lord Elgin mərmərləri araşdırma aparmaq üçün icazə alaraq Britaniyaya aparıb. Afina uzun illərdir mərmərlərin qaytarılmasını istəyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər