30 Noyabr 2023 11:42
3 919
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ümid edirik ki, bu və digər məsələlərlə bağlı yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında qarşılıqlı anlaşma əldə oluna bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Birliyinin Ermənistandakı səfiri Vasilis Maraqos erməni mətbuatına müsahibəsində deyib.

Avropalı diplomat Azərbaycanı “etnik təmizləmə və güc tətbiqi”ndə ittiham edən, AB tərəfindən ölkəmizə qarşı niyə sanksiyanın tətbiq olunmadığını söyləyən erməni jurnalistə belə cavab verib:

“Avropa Birliyi regionda sülh və sabitliyə sadiqdir, bu prosesə əhəmiyyətli, yüksək səviyyəli siyasi kapital yatırırıq. Avropa Birliyi güc tətbiqinə qarşı və Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi ilə bağlı mövqeyini çox açıq şəkildə ifadə edib. AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bir neçə gün əvvəl bu barədə geniş şərh verdiyi üçün o məsələlərə münasibət bildirməyəcəm”.

Maraqosun sözlərinə görə, AB və birliyin Ermənistandakı mülki missiyası İrəvan və Bakı ilə təmaslar vasitəsilə sərhəddəki durumdan xəbərdardır:

“Bu məsələlərin Ermənistan, daha geniş mənada, regionda sülh və sabitlik üçün əhəmiyyətini anlayırıq, bu da bizim əsas məqsədimizdir. Avropa Birliyi dəfələrlə tərəfləri yerdəki gərginliyi və mümkün eskalasiyanı azaltmaq üçün güc tətbiq edilməməsinə zəmanət verməyə və qüvvələr arasında məsafə saxlamağa çağırıb. Həmçinin demarkasiya komissiyasının iclasları və münasibətlərdəki problemlərin daha geniş həlli prosesləri çərçivəsində bütün məsələlərin sülh yolu ilə həllinə çağırmışıq. Ümid edirik ki, bu və digər məsələlərlə bağlı yaxın gələcəkdə, o cümlədən Ermənistan və Azərbaycan sərhədlərinin demarkasiyası komissiyalarının bu günə təyin edilmiş növbəti iclasında müəyyən qarşılıqlı anlaşma əldə oluna bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər