Şimali Makedoniyanın paytaxtı Skopyedə ATƏT Nazirlər Şurasının 30-cü islası keçirildi. Nazirlər Şurası ATƏT-in mərkəzi qərar qəbul edən və idarəetmə orqanıdır. Hər il dekabrın əvvəlində ATƏT-in toplantıları keçirilir. 1990-cı illərdə ATƏT-in illik toplantılarında üzv dövlətlərin liderləri də iştirak edirdilər. Ancaq sonrakı illərdə buna ehtiyac qalmadı. Çünki ATƏT çərçivəsində qəbul edilən qərarlar yerinə yetirilmirdi. Bu Azərbaycana da aiddir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində bildirilir.
Mərkəzin ekspertləri xatırladırlar ki, ATƏT-in 1996-cı il Lissabon toplantısında təşkilatın sədri adından Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı üç maddəlik bəyanatı qəbul olunub:
“Həmin bəyanata görə, Ermənistan öz ordusunu Azərbaycan ərazisindən çıxarmalı, bununla işğala son qoyulmalı idi. Ermənistan heç bir addım atmadı. Bu, Azərbaycanın ATƏT-ə olan inamını azaltdı. Bundan sonra ATƏT həmsədrlərinin keçmiş Dağlıq Qarabağla bağlı fəaliyyətləri də yarıtmaz oldu. Həmsədrlər Ermənistanı işğala son qoymağa məcbur etmədilər və ya məcbur etmək istəmədilər. Nəticədə Azərbaycan problemi özü həll etdi. Bu “təcrübə”dən sonra Azərbaycanın ATƏT-in hansısa vasitəçilik təşəbbüsünə ehtiyacı yoxdur. Bu haqda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da ATƏT toplantısındakı çıxışında dedi.
Əlbəttə, rəsmi Bakı ATƏT-lə dialoqu davam etdirəcək, Azərbaycan rəsmiləri təşkilatın toplantılarına qatılacaq. Ancaq ATƏT-in Azərbaycanla Ermənistan arasında vasitəçi olması mümkün deyil. İkinci Qarabağ Müharibəsindən sonra həmsədrlik institutunu (keçmiş Minsk qrupu) yenidən canlandırmaq təşəbbüsləri olsa da, Bakı bunu qəbul etmədi”.
Təhlildə qeyd olunur ki, ATƏT-in fəaliyyəti yalnız Cənubi Qafqazda nəticəsiz qalmayıb:
“ATƏT-in Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dayandırması üçün də gücü yoxdur. Düzdür, Rusiya xarici işlər naziri Sergey Lavrov Skopyedəki toplantıda iştirak etdi, ancaq qərbli həmkarlarının bir qismi onunla bir masada oturmaq istəmədi. Həmin nazirlər Lavrovun iştirakına etiraz olaraq ortaq toplantıya qatılmadılar. Lavrov da toplantını tez tərk edənləri “qorxaq” adlandırdı.
ATƏT toplantıları hansısa regional problemi həll etmək iqtidarında deyil. Bu qurumun iclasları sadəcə fikir mübadiləsi və ikitərəfli görüşlər üçün platformaya çevrilib. Ancaq bəzən bu da alnımır”.