Ermənistanın nəqliyyat dəhlizləri ilə bağlı “Sülh qovşağı” layihəsi ABŞ və Avropa Birliyində ciddi qəbul edilmir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
Nəşr qeyd edir ki, Qərb, xüsusən də ABŞ gələcəkdə Zəngəzurdan keçəcək dəhlizə Rusiyanın bölgədən uzaqlaşdırılması kontekstində baxır, Ermənistandan da bu yöndə çalışmağı tələb edir:
“Son zamanlarda Ermənistanın xarici siyasəti baxımından kifayət qədər maraqlı vəziyyət hökm sürür. Əlimizdə olan məlumata görə, Nikol Paşinyanın arqumentlərinə və kollektiv Qərbə “sədaqət andı”na baxmayaraq, Avropadan ona bildirilib ki, təcili tirajladığı “Sülh qovşağı” layihəsi ciddi qəbul olunmur. Avropa dairələrində ciddi şübhələr var ki, bütün bunlar Rusiyaya qarşı deyil, əksinə, gedən yenidənqurma Rusiyaya Cənubi Qafqazda daha da fəallaşmaq imkanı verəcək”.
Qəzetin yazdığına görə, Qərbin bu yanaşması Ermənistan rəhbərliyini ciddi narahat edir:
“Ermənistan hökuməti öz sədaqətini bir daha təsdiqləmək, nəhayət, mövcud şübhələri aradan qaldırmaq üçün müvafiq mərkəzlərə elçi göndərməyə çalışıb. Mənbəmiz deyir ki, ötən həftə Ermənistandan iki nümayəndə heyəti yerindəcə bir sıra görüşlər keçirmək üçün Vaşinqton və Avropanın bir neçə paytaxtına eyni vaxtda gedib. Heyətlərin tərkibində hakimiyyətə xidmət edən ekspert icmasının nümayəndələri və Paşinyanla sıx əməkdaşlıq edən qərbyönlü siyasi qüvvələrin liderləri yer alıb”.