Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanla bağlı “Hayakve” adlı bədnam qanun layihəsinin əleyhinə çıxıb.
Teleqraf.com xəbər verir ki, bu “təşəbbüs”ü irəli sürən müxalif deputatlara cavab verən spiker bunu rədd etməklə əslində onları xilas etdiklərini söyləyib.
Simonyan buna mane olan hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan həmkarlarını sərt tənqid edən deputat Artsvik Minasyana belə cavab verib:
“Hayakve” təşəbbüsünü sıradan çıxarmağa gəlincə, biz sizi xilas edirik, cənab Minasyan, biz sizə kömək edirik, çünki siz öz təşəbbüsünüzün girovuna çevrilmisiniz, simanızı qurtarmaq üçün bunun “nə qədər vacib” olduğunu göstərməyə çalışırsınız. Sizcə, bu qanun qəbul olunanda biz müttəfiqimiz Rusiyanın prezidentini (Vladimir Putin) Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığına görə mühakimə etməli idik?”.
“Hayakve” Ermənistan parlamentindəki radikallar tərəfindən ölkənin Cinayət Məcəlləsinə “əlavələr layihəsi” kimi təklif olunub. Buna əsasən, Ermənistan adından “artsax respublikası”nı (ləğv edilmiş) başqa dövlətin tərkibində tanımaq və onu tanımaqdan imtina etmək “cinayət əməli” sayılmalıdır.
Ermənistan parlamenti bədnam layihənin gündəliyə salınmasının əleyhinə səs verib: lehinə 26, əleyhinə 57 (hamısı hakim partiyanın deputatı), 1 bitərəf.