Qərb Ermənistanın iddialarından bölgədə mövqelərini gücləndirmək üçün istifadə etməyə çalışır.
Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.
Ekspert hesab edir ki, Qərbin bu siyasəti Azərbaycan qarşısında əli zəif olan Ermənistana da sərfəlidir:
“Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunu son dövrlərin ölkənin siyasi həyatında mərkəzi hadisə hesab etmək olar.
Azərbaycan Prezidenti İlham Əliyev forumda sülh müqaviləsinin mətninə, daha doğrusu, onun qəbuluna mane olan maneələrə aydınlıq gətirdi. Açıq şəkildə bildirdi ki, son illər sülh müqaviləsinin mətninin razılaşdırılması zamanı Bakı Qarabağ məsələsini sülh müqaviləsi layihəsindən çıxarmağa nail olub, ərazi bütövlüyünün tanınmasının qarşılıqlı xarakter daşımalı olduğunu təkid edib.
Ermənistan Qarabağ ermənilərinə bəzi “xüsusi təhlükəsizlik təminatları”nın verilməsində israr etdiyi üçün Azərbaycan qarşılıqlılıq prinsipində israr edərək, Ermənistandan qovulmuş azərbaycanlıların geri qaytarılması ideyasını irəli sürür. Bu yanaşma təkcə İrəvan tərəfindən deyil, Qərb vasitəçilərinin də kəskin etirazı ilə qarşılanır.
Bakı hər şeyi olduğu kimi qoyur və qoymağı təklif edir. Qarabağ erməniləri Ermənistanda, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlılar isə Azərbaycanda qalmaqda davam edirlər. Üstəgəl, bu məsələ qərbi azərbaycanlıların öz adı ilə müəyyən olunur.
Dövlət başçısı vurğuladı ki, ya sülh müqaviləsi hər iki azlığın məsələsini müəyyən edəcək, ya da biz bu barədə ümumiyyətlə danışmayacağıq.
Qərb hesab edir ki, bu yanaşma “aqressiv istəklər”i ehtiva edir, buna görə də İrəvana öz təhlükəsizliyini təmin etmək üçün kömək etməyə çalışır. Halbuki söhbət Ermənistanda öz təsirini gücləndirmək üçün sadə manipulyasiyadan gedir. Bu, Qərbdən Bakıya təzyiq etmək üçün istifadə etməyə ümid edən Paşinyana da sərfəlidir. Öz əlləri bunun üçün uyğun deyil”.