Son günlərdə separatçıların artan fəallığı, Ermənistan parlamentinin deputatları ilə gizli toplantıları, aksiyalardakı çıxışları Nikol Paşinyan hökumətini narahat etməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşr bildirir ki, Baş nazir Paşinyan separatçıların fəaliyyətlərini məhdudlaşdırmağı, onları dövlət avtomobilləri və cangüdənlərdən məhrum etməyi əmr edib:
“Dünən təkcə Samvel Şahramanyanın cangüdəni səs-küylə həbsə atılmadı, həm də Korrupsiyaya qarşı Mübarizə Komitəsi onun özünü dindirməyə çağırdı. Komitənin sözçüsü bildirib ki, Şahramanyanın adının çəkildiyi cinayət işi ilə bağlı məlumat verə bilmirlər”.
Nəşr iddia edir ki, cinayət işi vaxtilə keçmiş separatçı rejimə verilmiş dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlıdır.
“Hraparak” yazır ki, Ermənistan hökumətinin məqsədi yenidən baş qaldırmağa çalışan separatçı meyllərin önünü kəsməkdir:
“Təsadüfi deyil ki, oktyabrdan etibarən istintaq orqanları Qarabağdan olan müxtəlif şəxsləri dəvət edir, izahlandırma işləri aparır. Bununla mümkün fəallığının qarşısını almağa çalışırlar”.
Separatçıların İrəvandakı son toplantısına Ermənistan parlamentinin “Ermənistan” və “Şərəfim Var” fraksiyalarının üzvləri də qatılıb. Sözügedən fraksiyalara Ermənistanın keçmiş prezidentləri, hərbi cinayətkarlar Robert Köçəryan və Serj Sərkisyan rəhbərlik edir.