Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Fərid Turab oğlu Əhmədov ədliyyə naziri təyin edilib.
Teleqraf.com xəbər verir ki, Fərid Əhmədov nazir vəzifəsinə təyin edilənədək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsini tutub. O, 2022-ci ildən sözügedən vəzifəni icra edirdi.
2021-2022-ci illərdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olan F.Əhmədov 2015-2017-ci illərdə Azərbaycan Universitetinin rektoru vəzifəsini də tutub. O, hüquq elmləri üzrə fəlsəfə doktorudur.
Qeyd edək ki, Fərid Əhmədov 1979-cu ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili alıb. 2002–2003-cü illərdə Böyük Britaniyanın Esseks Universitetində, “British Chevening” təqaüdü ilə beynəlxalq insan hüquqları üzrə magistr təhsili alıb. Həmçinin 2016-cı ildə “Oksford” Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi alıb.
Əmək fəaliyyətinə gəlincə, F.Əhmədov 2000-ci ildə “Ədalət” hüquq şirkətində hüquqşünas kimi işə başlayıb. 2004–2006-cı illərdə Konstitusiya Məhkəməsinin Beynəlxalq Hüquq şöbəsində böyük məsləhətçi, 2006–2007-ci illərdə Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb. 2007–2008-ci illərdə “LegCon Group” hüquq şirkətində baş hüquqşünas kimi fəaliyyətini davam etdirib, 2014-cü ildə “BM Morrison Partners” hüquq şirkətində Məhkəmə təcrübəsinin rəhbəri vəzifəsində çalışıb.
Ailəlidir, üç övladı var.