Ermənistan Baş naziri Nikol Paşinyan dünən hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatları ilə təxminən 2.5 saatlıq qapalı iclas keçirib. Baş nazir iclasda Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə danışıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
“Paşinyan Münxen səfəri ilə bağlı deyib ki, Qərb platformasında Əliyevlə təmasların bərpası və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, regionda sülh və sabitliyin təmin edilməsi ilə əlaqədar digər işgüzar görüşləri müsbət hesab edir. O, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin Berlin görüşünün də Münxendə razılaşdırıldığını söyləyib. Eyni zamanda, sülh müqaviləsinin imzalanması prosesinin daha qeyri-müəyyən mərhələyə qədəm qoyduğunu dilə gətirib”, - nəşr yazır.
Paşinyan onu da vurğulayıb ki, indi Qərbin Ermənistana münasibəti aylar əvvəllə müqayisədə daha aydın və birmənalıdır. Onun sözlərinə görə, Qərb Azərbaycanla Ermənistan arasında qalıb, Bakıya qarşı birmənalı tələblər qoymur.
“Əliyev 4 kəndin (əslində 8 – red.) qaytarılmasını tələb edir. Paşinyan (qapalı iclasda) bildirib ki, Münxenə səfəri zamanı Əliyevlə görüşdən əvvəl bu tələbi avropalı həmkarları ilə müzakirə edib və bununla razılaşıb”, - nəşr bildirir.
Əliyevin hansı kəndləri tələb etdiyinə gəlincə, Paşinyan bunların Qazax rayonunun kəndləri olduğunu qeyd edib.
“Hraparak” Ermənistan baş nazirinin başqa bir iddiasına da diqqət çəkib:
“Paşinyan həmçinin eyham vurub ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi planlaşdırmaqla dəhlizlə bağlı məqsədinə çatmağa çalışır”.