4 Aprel 11:45
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ 5 aprel görüşünün iqtisadi xarakterdə olacağını bəyan etsə də, Fransanın Ermənistanın silahlandırılması ilə bağlı açıqlaması başqa amilləri önə çıxarır.

Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, Ermənistan rəsmən Rusiyadan uzaqlaşmaq qərarına gəlib:

“Sabah Ermənistanın Rusiyadan rəsmən “boşanıb”, Qərblə “yeni nikah”a girdiyi gün olacaq. Rusiyanın bununla bağlı mövqeyi məlumdur. Ən böyük zərbə onlara dəyəcəyi üçün hansı addımları atacaqlarını da özləri daha yaxşı bilməlidir.

Biz niyə narahatıq? Çünki prosesin əleyhimizə, dövlət maraqlarımıza zidd olduğunu görürük. İrəvana silahların verilməsindən tutmuş ordunun dizayn edilməsinə, sərhəddə yeni qurğuların tikilməsinə və Azərbaycan əleyhinə donos toplamaq üçün bölgədə olan Avropa Birliyinin mülki missiyasına qədər bir çox amillər əleyhimizədir. Azərbaycan bu səbəbdən 5 aprel görüşü öncəsi o qədər sərt mövqe qoydu ki, ABŞ-nin baş diplomatı, ölkənin de-fakto rəhbəri Blinken Prezident İlham Əliyevə zəng vurub izahat verməli oldu.

Blinkenin nə deyib, deməməsi maraqlı deyil. Əsl həqiqətləri Fransa xarici işlər naziri Sejurn dilə gətirdi. Fransalı nazir açıq şəkildə və konkret söylədi ki, Ermənistan silahlandırılmalıdır. Onun iddiasına görə, Ermənistanın “ərazi bütövlüyünə Azərbaycandan təhdid” var. Fransa bu qondarma iddia əsasında Ermənistanın silahlandırılmasını “leqal” hesab edir. Əlbəttə, bu, məhz bizə qarşı yönəlib”.

Əziz Əlibəyli hesab edir ki, Bakıya zəng edən Vaşinqton baş verənlərin ABŞ-Azərbaycan əlaqələrinə mümkün mənfi təsirlərini önləmək istəsə də, 5 aprel görüşü Ermənistanın silahlandırılması prosesinə çevrilərsə, bu, əlavə gərginlik yaradacaq.

Aprelin 5-də Brüsseldə (Belçika) ABŞ, Avropa Birliyi və Ermənistan arasında üçtərəfli görüş keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər