Azərbaycanla növbəti mümkün hərbi qarşıdurmada Ermənistanı yaxşı nəticələr gözləmir.
Teleqraf.com xəbər verir ki, bunu erməni hərbi ekspert Hayk Nahapetyan deyib.
Onun sözlərinə görə, mövcud gərginlik açıq toqquşmaya çevrilərsə, Azərbaycan ordusu bir sıra istiqamətlərdə bəzi yüksəklikləri götürə bilər.
Nahapetyan Qazaxın 4 kənd və 3 anklavının qaytarılması prosesinə də diqqət çəkib:
“Paşinyanın açıqladığı kimi, 4 kənd və 3 anklav Azərbaycana geri qaytarılarsa, bu istiqamətdəki birinci müdafiə xəttimiz tamamilə sıradan çıxacaq və dağılacaq. Həmçinin Ermənistan-Gürcüstan dövlətlərarası yolu bağlanacaq”.
Ekspert bildirib ki, məsələ təkcə bununla bitməyəcək, eyni zamanda, Azərbaycan hərbçiləri bəzi yüksəkliklərdə yerləşdiriləcək.
Mümkün müharibəyə gəlincə, Nahapetyanın fikrincə, Ermənistan belə bir gəlişməyə hazır deyil:
“Hazırlıqsızıq. Müharibə təkcə döyüş meydanında aparılmır, müharibə əvvəlcə dövlət tərəfindən aparılır, bütün dövlət qurumları iştirak edir. Təəssüf ki, səmərəlilik çox aşağıdır. Növbəti hərbi qarşıdurma olarsa, bizi o qədər də yaxşı nəticələr gözləmir”.