23 May 19:18
5 937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın seçkilərlə bağlı öz ənənələri var. Onlarda qarışıq seçki sistemidir. Yəni ikipartiyalı sistemə yaxın - majoritarla proporsionalın qarışığından ibarətdir. Daha çox 50 bölgədən olan nümayəndələr namizəd olurlar.

Bu sözləri Teleqraf.com-a ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli Britaniyada keçiriləcək erkən seçki haqda danışarkən deyib.

Onun sözlərinə görə, son yerli seçkilərdə Konservatorlar partiyası ağır məğlubiyyətə uğradı:

“Yəni əlində olan böyük bələdiyyələrin hamısını demək olar ki, itirdi. Partiya daxilində də ciddi təlatüm yaşandı. Konservatorlar partiyasından tələb gəldi ki, güvəni yeniləmək lazımdır. Yəni yeni seçkilərə getmək lazımdır. Əgər doğrudan da bələdiyyə seçkilərindəki nəticə təkrarlanarsa, deməli, artıq seçicilərin onlara güvəni qalmayıb. Bu, yüzilliklərə söykənən bir ənənədir. Həmişə belə olub ki, bələdiyyə seçkilərində məğlub olan partiyalar dərhal növbədənkənar seçkilərə start verirlər. Güman edirəm ki, Konservatorlar partiyası bu seçkilərdə çox ağır məğlubiyyətə uğrayacaq. Çünki sorğuların hamısında çox az reytinq göstərir. Leyboristlərin Konservatorlar partiyasına qalib gəlmək şansı həddindən artıq yüksəkdir. 4 iyulda baş tutacaq seçkilərdə Böyük Britaniyada həm hökumətin dəyişməsinin, həm də yeni baş nazirin adı məlum olacaq. Çünki orada seçim qaydaları bir az fərqlidir. Baş nazir partiyanın lideri olur. Partiyanın lideri seçkidən sonrakı dönəmdə dəyişsə, baş nazir də avtomatik olaraq dəyişir. Ona görə də Konservatorlar dönəmində ard-arda fərqli insanlar baş nazir oldular ki, bu da partiya daxilində tez-tez lider dəyişikliyinin nəticəsində baş verdi. Bu seçkilər Konservatorlar partiyası üçün çox ağır olacaq”.

Natiq Cəfərli bildirib ki, hazırda Konservatorlar partiyasında ciddi müzakirə başlanıb:

“Onlar Keçmiş baş nazir Boris Consondan niyə imtina etdik? deyə müzakirə aparırlar. COVID-19 pandemiyası dönəmində ictimai qaydanı pozması bu istefanı şərtləndirmişdi. Hazırda Konservatorlar partiyası bunun yanlış olduğunu düşünürlər. Bununla bağlı açıqlamalar da verirlər. Boris Consonun reytinqi Konservatorlar partiyasının içində çox yüksəkdir. Sadəcə problem odur ki, Boris Conson partiya lideri seçilsə belə, Konservatorlar partiyası böyük üstünlük qazanmalıdır, nüfuz hazırda aşağı səviyyədədir. Ardınca isə o, yeni hökumətlə bağlı ciddi vədlər verməlidir ki, posta təkrar otura bilsin. Yoxsa indiki şərtlərə bu, çətin görünür. Amma növbəti seçkilərdə Leyboristlər partiyası da hökuməti qurmağa nail ola bilsə, heç nə dəyişməyəcək. Problemlər yenə davam edəcək.

Rusiya-Ukrayna müharibəsi, Britaniyada miqrantlarla bağlı böhran yaşanır, iqtisadi çətinliklər var, inflyasiya yüksəkdir, yəni Leyboristlər bunların öhdəsindən gələ bilməsə, ola bilər ki, növbəti seçkilərdə Boris Conson artıq Konservatorların lideri kimi uğur qazana bilər. Amma bu seçkilərdə seçilsə belə, baş nazir olması ehtimalı çox aşağıdır”.

Cəfərli Azərbaycan-Böyük Britaniya əlaqələrinə də toxunub:

"İki dövlət arasında əlaqələrin 33 illik tarixi var. Böyük Britaniya ilə Azərbaycan arasında qarşılıqlı maraqlar var. Leyboristlərin hökumət qurduğu vaxtlarda Azərbaycanla çox yaxşı münasibətlərin olduğunu görmüşük. Ona görə də Azərbaycan-Britaniya münasibətlərinin kökündə hansısa dəyişikliklərin olacağını düşünürəm. Çünki Azərbaycanla münasibətlərin yaxşı olmasında Britaniya hökumətinin həmişə marağı olub”.

Qeyd edək ki, Baş nazir Rişi Sunak bundan əvvəl iyulda erkən parlament seçkilərinin keçiriləcəyini elan edib.


Müəllif: Əsəd Məmmədəliyev