23 May 17:52
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq plastik cərrahiyyə və digər estetik prosedurların keçirilməsi ilə bağlı vətəndaşlara müraciət edib. Müraciətdə plastik cərrahiyyə əməliyyatı və ya digər estetik prosedurların həkim təyinatı əsasında həyata keçirilməli olduğu vurğulanıb. Eyni zamanda plastik əməliyyat və ya digər estetik prosedurun son zərurət halında həyata keçirilməli olduğu qeyd edilib və bir sıra tələblər irəli sürülüb.

Teleqraf.com mövzu ilə bağlı mövzu ilə bağlı mütəxəssis və ekspert rəylərini öyrənib.

Professor Adil Qeybulla deyib ki, dünya praktikasına müraciət edilməli olduğunu bildirib: "Məsələ bundan ibarətdir ki, bütün dünyada tibb fəaliyyəti ilə bağlı əsasnamələr, qaydalar var. Baza tibb təhsili universitetlərdə veriliir və bununla bağlı diplom təqdim olunur. Azərbaycan Tibb Universiteti və yaxud Azərbaycanın diplomunu tanıdığı xarici ölkələrin universitetlərində təhsil almış şəxslər ölkəmizdə tibbi fəaliyyətlə məşğul ola bilərlər. Bundan sonra rezidentura pilləsi olmalıdır.

Rezidentura tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı formasıdır. Rezidentura pilləsini bitirən şəxs həmin sahədə fəaliyyət göstərə bilər. Bu ona verilən hüquqdur. Dünyanın hər yerində bu məsələlər belə həll edilir.

Həkimlər daim təkmilləşdirilməlidirlər, praktikada təcrübə mübadiləsində olmalıdırlar. Bununla bağlı akkreditasiya sistemi var. Hər beş ildən bir həkimlər akkreditasiya edilir, onlara lisenziya verilir. Həkim çoxsaylı ağırlaşmalara yol versə, işindən şikayətlər, məhkəmə araşdırmaları olsa və yaxud onun fəaliyyəti klinikalar tərəfindən qeyri-qənaətbəxş sayılsa, əlbəttə ki, növbəti mərhələdə ona lisenziya verilə bilməz. Məsələ bu cür həll edilir. Hesab edirəm ki, dünya praktikasından istifadə etsək, şikayətlər, ağırlaşmalar və problemlər ortaya çıxmaz”.

Plastik cərrah Elçin Ələsgərov bu sahədə fəaliyyət göstərmək üçün öncə ali təhsil almaq və rezidentura pilləsini keçmək lazım olduğunu deyib: "Çox təəssüf ki, bu gün cərahiyyə sahəsində diplomu olmayan insanlar pasiyentlərə xidmət göstərirlər. Bu, qəti yolverilməz haldır. Bu sahə üzrə ixtisaslaşmaq lazımdır.

Azərbaycanda bu sahədə barmaqla sayılacaq dərəcədə az peşəkar cərrahlar var. Amma təəssüf ki, reklam sayəsində cərahiyyə ilə əlaqəsi olmayanlar bu əməliyyatları icra edir və ağır nəticələrə səbəb olurlar.

Cərahiyyə ilə yanaşı kosmetoloji sahələrdə də ciddi problemlər var. Məsələn, Moskvada, Türkiyədə hansısa kurs bitirib, bu sahədə fəaliyyət göstərən şəxslər var”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bu sahədə çoxsaylı problemlərin olduğunu deyib: “Öncə qeyd edim ki, 15 gün əvvəl Baş Prokurorluq, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, Səhiyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə rəsmi məktublar göndərmişəm. Bu sahədə istifadə edilən cihazların keyfiyyətsizliyi və bu cihazları işlədnlərin qeyri-peşəkarlığını diqqətə çıxarmışam… Bu sahədə ciddi problemlər var. Hətta bizə plastik cərrahiyyə və digər estetik prosedurların qurbanları da bizə müraciət ediblər. Düzdür, bu, nadir hallarda olur. Biz həmin şəxslərin pulunu geri qaytarılmasına nail olmuşuq. Bu sahədə böyük istehlakçı problemi yaşanır.

Sonuncu şikayət Sumqayıt sakini tərəfindən olmuşdu. Ona böyük zərər yetirmişdilər. Məlum oldu ki, kosmetoloji mərkəzlərin birində fəaliyyət göstərən həmin şəxsin heç lisenziyası da yoxdur.

Problemlə qarşılaşmamaq üçün istehlakçı müraciət zamanı ilk növbədə mütəxəssisdən lisenziya tələb etməlidir. İkinci, istehlakçı istifadə edilən cihazlar haqqında məlumat almalı, cihazın sertifikatına baxmalıdır. Bütün bu kimi hallara istehlakçı diqqət yetirməli və ondan sonra cərrahi əməliyyata razılıq verməlidir”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər