Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə aviasiya təhlükəsizliyinin vəziyyətinin öyrənilməsinin vacib olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı bu barədə Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı keçirdiyi müşavirədə danışıb.
Tokayev iclasa qəzada həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verməklə başlayıb. O xatırladıb ki, bir neçə gün əvvəl Manqistau vilayətində baş vermiş faciə qurbanları arasında Qazaxıstan vətəndaşları da var.
Kasım-Jomart Tokayev vurğulayıb ki, fövqəladə hallar xidmətləri fəlakət zamanı ardıcıl və operativ hərəkət edib.
"Vətəndaşlarımız ilk dəqiqələrdən həmrəylik və təşkilatçılıq nümayiş etdirərək zərərçəkənlərə yardım əlini uzadıblar. İnsanlar qan vermək üçün növbəyə düzülüb. Bir çox soydaşlarımız Azərbaycan səfirliyinin binası önünə gül dəstələri qoyublar. Bu reaksiya həm yerli, həm də xarici mətbuatda geniş işıqlandırılıb", - deyə prezident qeyd edib.
Qazaxıstan lideri təyyarə qəzasının nəticələrinin aradan qaldırılması zamanı şücaət və yüksək peşəkarlıq nümayiş etdirmiş vətəndaşlara dövlət mükafatlarının təqdim olunması barədə hökumətə göstəriş verib.
Tokayev əlavə olaraq, Aktau yaxınlığında baş verən təyyarə qəzasından sonra saxta məlumatlar yaymamağa və təxribatlara yol verməməyə çağırıb.