Milli Məclisin sədri Oqtay Əsədov Sloveniya Respublikası Parlamenti Milli Şurasının Sədri Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf.com xəbər verir ki, Oqtay Əsədov bu səfərin parlamentlərarası münasibətlərdə yeni səhifə açacağına inamını ifadə edib. Bildirib ki, Azərbaycan Sloveniya ilə əlaqələrin inkişafında maraqlıdır: “Münasibətlərimizin dərinləşməsində dövlət başçılarımızın qarşılıqlı səfərləri və aparılan danışıqlar mühüm rol oynayıb. Bu günə qədər ölkələrimiz arasında 12 sənəd imzalanıb, 8 sənəd layihəsi isə baxılmaq üzrədir. İqtisadi əlaqələrimizin inkişafı üçün əlverişli imkanlar mövcuddur. Bu gün Azərbaycanda 11 Sloveniya şirkəti fəaliyyət göstərir. Bu sahədə biznes forumların keçirilməsi və iqtisadi məsələlər üzrə Azərbaycan-Sloveniya birgə işçi qrupunun fəaliyyətinin canlandırılması əhəmiyyətli rol oynaya bilər. Təqdirəlayiq haldır ki, Azərbaycan-Sloveniya biznes alyansına Sloveniyanın 15 nüfuzlu şirkəti daxildir. Onların bir çoxu artıq ölkəmizdə müxtəlif sahələr üzrə tenderlərin qalibidirlər”.
Spiker mədəni sahədə də əlaqələrimizin yüksək səviyyədə olduğuna diqqət çəkib. O, 2011-ci ildə Prezident İlham Əliyevin Sloveniyaya səfəri çərçivəsində Novo Qoritsa şəhərində Mehdi Hüseynzadənin memorial muzeyinin açılışını yüksək dəyərləndirərək, bu şəhərdə Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin yaradılmasını təqdir edib.
Oqtay Əsədov qonağa Dağlıq Qarabağ münaqişəsinin bölgənin təhlükəsizliyinə böyük maneə olduğunu bildirib, erməni təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı yurdlarından didərgin düşdüyünü, ölkənin 20 faiz ərazisi işğal edildiyini söyləyib.
Sloveniya Respublikası Parlamenti Milli Şurasının Sədri Mitya Bervar ölkəsinin parlament sədri kimi Azərbaycana ilk səfərindən məmnun qaldığını deyib. Qonaq qeyd edib ki, Sloveniya həyatın ən müxtəlif sahələrində Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir: “İqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsi ümumi məqsədlərə xidmət edir”.
Sloveniya dövlət rəsmisi ölkəsində Mehdi Hüseynzadənin xatirəsinə poçt markası buraxıldığını qeyd edərək, mədəni-humanitar sahədə əməkdaşlığı daha dərinləşdirmək niyyətində olduqlarını dedi. Görüşdə Dağlıq Qarabağ problemindən söz açan qonaq Sloveniya parlamentində bu məsələ ilə əlaqədar ötən ilin dekabrında qəbul olunmuş qərara diqqət çəkdi. Bildirildi ki, qərarda Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənməklə yanaşı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını və məcburi köçkünlərin doğma yurdlarına qayıtmasını özündə ehtiva edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl olunması məqsədəuyğun hesab edilir.
Söhbətin sonunda Milli Məclisin Sədri qonağı Birinci Avropa Oyunlarına dəvət etdi. Dəvət məmnuniyyətlə qəbul olundu.
Nemət