Avstraliyanın “Seven Network” televiziya kanalı ilk Avropa Oyunlarının son yayım tərəfdaşı olub.
Teleqraf.com xəbər verir ki, Belə ki, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) birinci Avropa Oyunlarını nümayiş etdirmək üçün Avstraliyanın Olimpiya Oyunları teleyayımçısı “Seven Network” kanalı ilə müqavilə imzalayıb.
“Seven Network” Avstraliyanın ödənişsiz teleyayım üzrə aparıcı, eyni zamanda 2007-ci ildən bəri ölkəsinin ən reytinqli televiziya kanalıdır.
Təşkilat Komitəsindən qeyd edilib ki, kanal ilk Avropa Oyunlarının ölkə üzrə 8.4 milyon evə gündəlik yayımını öhdəsinə götürüb.
“Seven Network” kanalı ilə bağlanmış müqavilə Avropa teleyayımçıları ilə yanaşı, Amerika Birləşmiş Ştatları, Kanada, Hindistan, Çin və ərəb dünyası ölkələri ilə imzalanmış müqavilələr sayəsində dünyanın dörd bir yanında Birinci Avropa Oyunlarının daha çox tamaşaçı kütləsi tərəfindən izlənilməsini təmin edir.
BAOƏK-nin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq “Seven Network” kanalının olimpiya oyunlarının nüfuzlu teleyayımçısı olduğunu bildirib: “Bu kanalın ilk Avropa Oyunlarının teleyayımını öhdəsinə götürməsi “Bakı-2015”-in beynəlxalq idman tarixinə mühüm töhfə olduğunu bir daha təsdiq edir.
Bu sazişlə “Bakı-2015” Birinci Avropa Oyunları bağlanmış yayım müqavilələrinin sayını 57-yə çatdırdı”.