17 Avqust 2015 13:48
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Sumqayıt qatarında gediş haqqı 50 və ya 70 qəpik ola bilər.

Bunu Trend-ə açıqlamasında Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, artıq bu barədə Nəqliyyat Nazirliyinin Sərnişin Daşıma Departamenti təkliflərini Tarif Şurasına təqdim edib.

Qiymətləri Tarif Şurasının müəyyənləşdirəcəyini deyən N.Əzməmmədov gediş haqqının kart sistemi ilə olub-olmayacağına da aydınlıq gətirdi: “Qiymətlər sosial yönümlü olacaq. Bununla bağlı təkliflər artıq verilib. Qərar yaxın vaxtlarda verilməlidir. Çünki sentyabrın 15-ə kimi Bakı-Sumqayıt qatarı istifadəyə verilməlidir. Qiymətlər barədə qərar veriləndən sonra çalışacağıq ki, burada da kart sistemini tətbiq edək. Amma yəqin ki, kart sistemi bir müddət sonra tətbiq olunacaq. Çünki bu, bir az zaman alan məsələdir”.

Yeni tikilən Bakı-Sumqayıt dəmir yolunda son tamamlama işlərinin aparıldığını qeyd edən mətbuat xidmətinin rəhbəri bildirdi ki, layihə ilə bağlı 63 kilometr yeni xətt nəzərdə tutulub. Onun sözlərinə görə, yeniliklər təkcə yolun uzadılması ilə yekunlaşmır: “Nəzərdə tutulan yeni 63 kilometrlik yolun artıq 60 kilometri hazırdır. Qatarları qəbul etmək üçün 4 platformamız var. Ona əlavə olaraq yeni platformalar tikilir. Sərnişinlərin keçməsi üçün turniketlər qurulur. Bununla yanaşı, rabitə siqnalizasiya sistemi tikilir. Həmçinin elektrik enerjisi təchizatı yenilənir. Hesab edirəm ki, bütün bunlar insanların rahatlığına və vaxtında mənzil başına çatmalarına xidmət edəcək”.

Xatırladaq ki, Bakı-Sumqayıt xəttinə buraxılacaq qatarlar "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunub.

Qatarlarda sərnişinlər üçün hər cür şərait yaradılıb. Ümumi sərnişin tutumu 919 nəfər olan hər bir qatarda 396 oturacaq var ki, onlardan da 84-ü biznes-klasdır.


Müəllif:

Oxşar xəbərlər