Azərbaycan Ali Soveti sədrinin sabiq birinci müavini, hazırda ölkəmizin İndoneziyadakı fövqəladə və səlahiyyətli səfiri olan Tamerlan Qarayev Bakıya gəlib. Xəbərə görə, T.Qarayev ötən gün Xocalıdan olan şəhid ailələri ilə görüşüb. Səfirin şəhid ailələri ilə görüşü Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyində baş tutub. Görüşdə icmanın sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov da iştirak edib.
Teleqraf.com-un xəbərinə görə, T.Qarayevin Bakıya gəlişi səbəbsiz deyil. Belə ki, səfir İndoneziya Respublikasının İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolisin rəhbərlik etdiyi nümayəndə heyətini müşayiət edir. N.Xolisin Bakıya səfərində isə əsas məqsəd Xocalı soyqırımının araşdırılması, bununla bağlı təsdiqləyici faktların toplanaraq dünyaya tanıdılmasından ibarətdir. İndoneziyalı qonaq bunu oktyabrın 21-də xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşündə özü bildirib. Həmin görüşə dair Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı fotoda T.Qarayevin nazir müavini Xələf Xələfovun yanında əyləşdiyi görünür.
Onu da qeyd edək ki, yüksək vəzifəli şəxslərin səfərləri zamanı səfirlərin onları müşayiət etməsi adi haldır. Bu, dövlətlərarası münasibətlərdə qəbul olunmuş bir qaydadır.
Səxavət