4 Fevral 2016 13:46
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rauf Vəliyev: “Xəzər Dəniz Gəmiçiliyi dövlət büdcəsinə vergi ödəyən aparıcı şirkətlərdən biri olacaq”

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin daha bir bərəsi - “Merkuri-1" gəmisi Transxəzər istiqamətində yük avtomobillərinin daşınmasına cəlb olunub. QSC-dən aldığımız məlumata görə, gəmi dokda baxışdan və müvafiq təmir işlərindən sonra istismara buraxılıb. Beləliklə, istismarda olan bərələrin və Ro-Ro gəmilərinin sayı 14-ə çatdırılıb. Hazırda Bakı-Aktau-Bakı və Bakı-Türkmənbaşı-Bakı xətlərinin hər birində 6 bərə, 1 Ro-Ro gəmisi dəmiryol vaqonları və təkərli texnika daşıyır.

Yanvarın 23-də isə sınaq konteyner qatarı “Azərbaycan” gəmi-bərəsi ilə Bakıdan Aktau limanına yola salınıb.

Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə bərə keçidləri və quru yollarla hərəkət edən sınaq konteyner qatarı yanvarın 22-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanından Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Azərbaycan” gəmi-bərəsi ilə Aktau limanına yola salınıb.

Qeyd edək ki, cari il yanvarın 15-də Ukraynanın İliçevsk limanından çıxan 10 vaqon və 20 qırxfutluq konteynerlərdən ibarət sınaq qatarı Gürcüstanın Poti limanına yanvarın 20-də çatmış, buradan isə Bakıya istiqamət götürmüşdü. Dünyada iqtisadi böhran dərinləşdikcə, yüklərin daha qısa yollar və əlverişli şərtlərlə daşınmasının əhəmiyyəti də artır. Bu baxımdan bir çox ölkələrin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna maraq göstərməsi təsadüfi deyil.

“Azərbaycan” gəmi-bərəsi ilə Aktau limanına çatan sınaq qatarı Qazaxıstandan Çin Xalq Respublikasına doğru istiqamət götürüb.

Ukrayna da Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulmaq istəyini bildirdikdən bir müddət sonra - yanvarın 14-də Bakıda Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndələrinin dördtərəfli görüşü keçirildi və tərəflər marşrutda vahid tariflərin müəyyənləşdirilməsi ilə bağlı razılığa gəliblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Askar Mamin, “Gürcütan Dəmir Yolu” SC-nin rəisi Mamuka Baxtadze, “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədr əvəzi Aleksandr Zavqorodniy və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadovun imzaladıqları müvafiq protokolda həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteyner qatarlarının hərəkətinin sadələşdirilməsi üçün kompleks tədbirlərin görülməsi də nəzərdə tutulur.

QSC-nin məlumatına görə, ümumlikdə yük maşınlarının daşınması artb. Ötən ilin dekabr ayında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri ilə Bakı-Aktau istiqamətində 566, 2016-cı ilin ilk 7 günü ərzində isə 255 yük maşını daşınıb. Müqayisə üçün qeyd edək ki, 2015-ci ilin yanvar-noyabr aylarında Bakı-Aktau istiqamətində ayda orta hesabla 60 yük maşını daşınırdı. Bu da 10 dəfədən çox artım deməkdir.

Ələt limanında yük avtomobillərinin sıxlığının tam aradan qaldırılması istiqamətində də tədbirlər görülüb. Qış aylarında hava şəraitinin çətinliyinə baxmayaraq, gəmilərin əlavə səfərləri təşkil edilib, ehtiyatda olan gəmilər istismara qaytarılıb. Dekabrın ortalarından keçən müddətdə əlavə 3 bərə - “Akademik Topçubaşov”, “Qarabağ” və Professor Gül" gəmiləri istismar ehtiyatından çıxarılaraq yükdaşımalara cəlb edilib.

Görülmüş tədbirlər nəticəsində Aktau limanında yük maşınlarının sıxlığı tam aradan qaldırılıb, Ələt limanında isə avtomobillərin yükləməni gözləmə müddəti yarıbayarı azalıb.

Xatırladaq ki, yük avtomobillərinin daşınmasına daimi nəzarəti təmin etmək məqsədilə gəmiçiliyin xüsusi işçi qrupu yaradılıb və qaynar xətt ayrılıb. Daxil olan zənglərdə tariflər, daşıma müddəti və bərələr haqqında suallar mütəxəssislər tərəfindən cavablandırılır. Eyni zamanda, işçi qrupunun nümayəndələri mütəmadi olaraq Ələt limanına baş çəkirlər, yük maşınlarının sürücüləri ilə ünsiyyətdə olurlar və onları narahat edən məsələləri mümkün qədər qısa müddətdə həll edirlər.

Bərə gəmilərinin səfərləri barədə, o cümlədən hava şəraitindən asılı olaraq gəmilərin limandan çıxış və təyinat limanına gəliş vaxtları haqqında məlumatlar onlayn rejimdə gəmiçiliyin veb-saytında mütəmadi olaraq yerləşdirilir.

Yeri gəlmişkən, hazırda dünyada, eləcə də Azərbaycanda baş verən iqtisadi böhran şəraitində gəlir gətirəcək sahələrdən biri kimi gəmiçiliyin rolu xüsusu vurğulanır. İqtisadçılar bildirir ki, təkcə gəmi istehsalı ilə deyil, gəmi marşrutundan da yüksək gəlir əldə etmək mümkündür. Bunun üçünsə tranzit xərclərinə yenidən baxılması məqsədəuyğun sayılır.

Gəmi istehsalına gəlincə, hazırda Bakı Gəmiqayırma Zavodunda Xəzər Dəniz Gəmiçiliyi üçün 80 nəfərlik 3 sərnişin gəmisi inşa edilir. Gəmilərin bu il hazır olacağı bildirilir. Yeni gəmilər öz göyərtələrinə 10 tona qədər müxtəlif yüklər də götürə biləcəklər. Beləliklə, neftçilərin və müvafiq yüklərin dəniz platformalarına daha tez və daha rahat çatdırılması təmin ediləcək. Gəmilərdən ikisinin mart ayında istifadəyə veriləcəyi gözlənilir.

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev də bildirb ki, zavodda gedən işlər Azərbaycanın gəmiçilik sahəsində idxaldan asılılığı aradan qaldırmağa imkan verəcək: “Hazırda Gəmiqayırma Zavodu ilə bir neçə layihə müzakirə olunur. Bura bərə tipli gəmilərin, Ro-Ro tipli gəmilərin 7 min və 9 min 500 tonluq tankerlərin və 6 min ton yükgötürmə qabiliyyəti olan quru gəmilərinin tikintisi daxildir. Hazırlanacaq gəmilər sırf nəqliyyat, ticarət donanması üçündür. Ümumilikdə gəmiqayırma zavodunda istənilən növ gəminin hazırlanması üçün şərait var”.

Rauf Vəliyev rəhbəri olduğu QSC-nin dövlət büdcəsinə vergi ödənişində ən aparıcı şirkətlərdən biri olacağını deyib.

Naibə


Müəllif:

Oxşar xəbərlər