Bayram günləri ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi martın 15-dən 28-nə qədər gücləndirilmiş iş rejimində işləyəcək.
Bu barədə Teleqraf.com-a Kompleksin növbə rəisi Məhəmməd Abdullayev məlumat verib.
Onun sözlərinə görə, Novruz bayramı ilə əlaqədar sərnişin sıxlığını nəzərə alınaraq əlavə nəqliyyat vasitəsi artırılacaq: “Adi günlərdə rayonlara 300-320 nəqliyyat vasitəsi yola salınırdısa, bayram günlərində bu rəqəm 600-700-ə çatdırılacaq”.
Kompleks rəsmisi qeyd edib ki, adı günlərdə 7-8 min sərnişin yola salınır: “Martın 18-dən 21 günorta saatlarına kimi sərnişin sıxlığı olacaq. Bunun üçündə 16-17 min nəfər sərnişinin yola salınması nəzərdə tutulur”.
Sərnişinlər biletlərin həm kassa, həm də onlayn şəkildə əldə edə biləcəyini deyən Məhəmməd Abdullayev bildirib ki, bilet satışında süni qiymət artımı hallarının qarşısını almaq üçün 10 gün əvvəl avtovağzal rəhbərliyi kənardan dəvət olunan nəqliyyat vasitələrinə nəzarət etmək üçün 11 nəfərdən ibarət Qiymət Komissiyası yaradıb: “Əgər nəqliyyat vasitələri qiymət intizamını pozarsa və ya sərnişinlərlə kobud rəftar edərsə, həmin nəqliyyat vasitəsinin sürücüsü və sahibkar xətdən uzaqlaşdırılacaq. Hansı istiqamət üzrə bilet qurtararsa, sərnişinlər həmin gün əlavə marşrutlarla yola salınacaq”.
İLHAMƏ