Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı onun ayaqqabısının sol tayından 1 ədəd bükümdə, xalis çəkisi 2,143 qram olan narkotik vasitə - tiryək aşkar olunub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn digər Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) cəmi 5 ədəd bükümdə narkotik vasitələr aşkar edilib. Həmin vətəndaşdan 1 ədəd bükümdə xalis çəkisi 23,085 qram olan heroin, 1 ədəd bükümdə xalis çəkisi 1,285 qram olan tiryək, 3 ədəd bükümdə ümumi xalis çəkisi 4,9 qram olan həşiş qətranı aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Naibə QURBANOVA