Azərbaycanın Uruqvay Şərq Respublikasındakı diplomatik missiyası tərəfindən Montevideo şəhərində 28 may Respublika Günü münasibətilə qəbul keçirilib.
Azərbaycan XİN-dən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə Uruqvay Şərq Respublikasının xarici işlər nazirinin müavini Xose Luis Kansela, Uruqvay Parlamentinin Senat və Nümayəndələr Palatasının çoxsaylı üzvləri, digər dövlət qurumlarının, siyasi partiyaların, diplomatik korpusun, elmi-akademik, işgüzar dairələrin, mədəniyyət, o cümlədən KİV-lərin nümayəndələri iştirak ediblər.
Tədbir zamanı çıxış edən Azərbaycanın Argentinadakı müvəqqəti işlər vəkili Rəşad Aslanov Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, ölkəmizin inkişaf strategiyası, regional proseslərdə və beynəlxalq siyasətdə rolu, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı barədə danışıb. Ölkəmizdə təşkil olunan beynəlxalq səviyyəli tədbirlər barədə də danışan Azərbaycan diplomatı növbəti illərdə Azərbaycanın digər beynəlxalq idman yarışlarına ev sahibliyi edəcəyinə toxunub.
Çıxışının ardınca Azərbaycanın mədəniyyəti, tarixi, iqtisadi inkişafı, regional enerji və infrastruktur layihələri, o cümlədən ölkəmizdə mövcud olan tolerantlıq və dinlərarası dialoq haqqında videoçarx nümayiş etdirilib.