Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) narazılarla razılar arasında qarşıdurma davam edir. Tərəflər bir-birini müxtəlif məsələlərdə ittiham edirlər. Avqustun 20-dən sonra başlanan bu prosesin sentyabrın sonlarına qədər davam edəcəyi gözlənilir. İndi əsas məqam AXCP-nin kimin əlinə keçəcəyi məsələsidir. Hər iki tərəf məhz AXCP-nin adı uğrunda mübarizə aparır. Əldə etdiyimiz məlumata görə, narazılar rayon təşkilatlarının konfransını keçirmək qərarını veriblər. Sentyabrın əvvəllərindən başlayaraq bu proses start götürəcək. Rayon konfranslarının keçirilməsində AXCP-nin təşkilat şöbəsinin sabiq sədri Rafiq Daşdəmirli əsas rol oynayacaq.
Qeyd edək ki, Daşdəmirli AXCP-nin Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin üzvüdür. Daşdəmirlinin sözlərinə görə, Əli Kərimlinin ətrafında olan çoxlu sayda şəxs ondan narazıdır və ehtimal olunur ki, onlar da Etimad Qurultayı üzrə Təşkilat Komitəsinə qoşulsun. O, əlavə edib ki, çoxlu sayda cəbhəçi şəxsən ona zəng edərək bu prosesə dəstək verir.
Narazıların sentyabr planı
Daha bir maraqlı məqam AXCP-də toplanan üzvlük pulu ilə bağlı olub. Narazılar qeyd edir ki, hər ay AXCP-də çoxlu sayda insan üzvlük pulu ödəyir. Bu pullar toplanaraq sonda Ali Məclisin sədri Həsən Kərimova verilir. Ancaq maraqlıdır ki, toplanan pullardan şöbə müdirlərinə və digərlərinə bir qəpik belə çatmır. Bu da partiyada ciddi narazılıq yaradır. Ümumiyyətlə, AXCP rəhbərliyi çalışır ki, bütün rayon təşkilatlarında yaşlı insanlar rəhbərlikdə təmsil olunsunlar. Üstəlik, həm də savadsız olsunlar. Çünki partiyanın rəhbərliyi faktiki olaraq savadlı gənclərdən, ələlxüsus Əli Kərimlinin siyasətini tənqid edən insanlardan çəkinir. Məsələn, AXCP mətbəxinə bələd olan şəxslər deyirlər ki, 2005-ci ildən sonra partiyada yetişən iki gənc olub. Bunlardan biri Əbülfəz Qurbanlıdır ki, məcburi istefaya gedib. Digər şəxs isə Seymur Həzidir ki, məhz aparılan qeyri-ciddi siyasətin nəticəsi olaraq hazırda həbsxanadadır. Başqa sözlə, bu iki şəxsin hazırda partiyada faktiki fəaliyyət göstərməməsi AXCP rəhbərliyinin marağı çərçivəsindədir.
"Həsən Kərimovla, Gözəl Bayramlı Seymur Həzinin torbasını tikib"
Narazılardan olan Rahib Hacıyev isə bəyan edib ki, əsl satqınlar hazırda AXCP rəhbərliyinə toplaşanlardır: "Deyirlər ki, elin gözü tərəzidir. Əcəba xalq haradan bilir ki, Həsən Kərimovla, Gözəl Bayramlı Seymur Həzinin torbasını tikib həbsxanada çürüdür? AXCP Suraxanı şöbəsinin dağılmağına yardımçı olanlar Həsən Kərimovun bağında bişən kababın və Eldar Hüseynovun cibindəki pulun qoxusuna uyublar. Mən Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya və Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirmişəm. AXCP-nin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı isə demaqoqluq və satqınlıq universitetini bitirib. Suraxanı şöbəsinin sədri Bəhruz Həsənli və qardaşı Babək Həsənli Ukraynadan saxta diplom almağa hazırlaşır".
Bu arada, bəlli olub ki, İlkin Mürsəlzadə də istefaya gedərək narazılara qoşulub. Mürsəlzadə AXCP-nin Beyləqan şəhər şöbəsində dayaq dəstəsinin sədri olub. Başqa sözlə, onun ətrafında ona yaxın cəbhəçi var. Maraqlıdır ki, narazılar istefalarını "Əli Kərimliyə get" şüarı ilə ifadə edirlər. Artıq bəyan edilib ki, AXCP-nin Beyləqan təşkilatı yenidən qurulacaq.
"Liderimizə qarşı çıxmağı Əli Kərimlidən öyrənmişik"
AXCP-nin Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin əsas üzvlərindən olan Ehtiram Mehdiyev isə bəyan edib ki, şəxsən onun özü siyasi dividend qazanmaq niyyətindən çox uzaqdır: "Bəzilərinə sosial şəbəkələrdə yazdığım fikirlər yorucu gələ bilər. Ancaq bizi anlamağa çalışın. Bizə qarşı haqsızlıq olub və bu haqsızlığı sosial şəbəkələrdə işıqlandırmışıq. Ancaq heç zaman partiya rəhbərliyi tərəfindən bizim problemlərimiz, narazılığımız eşidilməyib. Diqqət etsəniz, görərsiniz ki, bu gün narazıların çoxuna müxtəlif dövrlərdə haqsızlıq olub. Mən şəxsən bu partiyanın təşkilatlanması üçün özümün şəxsi biznesimdən keçmişəm, dostlarım və qohumlarımdan kənarlaşmışam. Hər kəs mənə qaraügruh, avara kimi baxanda, mən insanların dəli olduğunu düşünürdüm. Biz liderimizə qarşı çıxmağı Əli Kərimlidən öyrənmişik. Vaxtı ilə rəhmətlik Əbülfəz Elçibəyi bezdirəndə, Kələkidə olan zaman partiyanı ələ keçirəndə bilmirdi ki, bu gün etdiyi hərəkət onun da, qarşısına çıxacaq? Bizim davamız, sadəcə, Əli Kərimlidir. Bunun da izahı var".
Dəyanət Babayev: "Heç buna görə utanırsınız?"
AXCP-nin Nərimanov təşkilatından çıxarılan Dəyanət Babayev narazılara qoşulmasa da, Əli Kərimli və onun ətrafı haqqında ciddi iddialarla çıxış edir. Babayev bildirib ki, bir neçə il əvvəl mitinqdə döyüldüyü zaman başından yüngül travma alıb. Sonradan həkimə gedib, həkim isə ona müayinə yazıb: "Müayinə olunmaq üçün kimdənsə 50-60 manat pul alanda AXCP sədrinin sərəncamsız müşaviri Məmməd İbrahim və Nərimanov təşkilatının sədri Hacı Abbaslı elan etdilər ki, mən satqınam, hakimiyyətə işləyirəm. Müayinə olmaq istəyirdim sadəcə. Bununla da, guya məni partiyadan çıxardılar. Heç buna görə utanırsınız?"
Uzun illər AXCP-də fəaliyyət göstərən Elvin Baycan da AXCP rəhbərliyini və şəxsən Əli Kərimlini tənqid edib. Baycan qeyd edib ki, dekabrın 30-da bank problemi ilə əlaqədar olaraq uzun illər təbliğatını apardığı AXCP sədri Əli Kərimliyə müraciət edib: "Daşdan səs çıxdı, amma Əli Kərimlidən səs çıxmadı. Dünən oğlum xəstəxanaya düşdü. Dərhal AXCP-nin Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin sədri ilə əlaqə saxladım, dərhal reaksiya verdilər. Əli Kərimli bu cür nümunələrə baxsın və dərs götürsün".
CAVİDAN