29 Oktyabr 2015 10:55
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılış mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Ceyranbatan su təchizatı idarəsinin ərazisində məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan ultrasüzgəcli sutəmizləyici qurğunun təməli 2011-ci il sentyabrın 8-də Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi Ceyranbatan gölündən suyun götürülməsi məqsədilə tikilmiş hidrotexniki qurğular, sutəmizləyici qurğunun özü və onun köməkçi infrastrukturu, emal olunmuş suyun optimal paylanması məqsədilə relyef baxımından hündürlükdə yerləşən anbarlardan və qurğudan anbara qədər magistral kəmərdən ibarətdir.

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və Ceyranbatan-Zirə magistral su kəməri layihəsi Pirallahı qəsəbəsi də daxil olmaqla, Bakı şəhəri və Abşeron yarımadasının digər yaşayış məntəqələrini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edəcək.
Dövlətimizin başçısı kompleksi işə salıb.

Prezident İlham Əliyev açılış mərasimində çıxış edib.

“Dünyanın aparıcı şirkətləri burada öz təcrübəsini bizimlə bölüşüblər”

Prezident bildirib ki, bu gün şəhərimizin həyatında çox əlamətdar və tarixi bir gündür: “Biz Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışını qeyd edirik. Bu, doğrudan da böyük və tarixi hadisədir. Bundan sonra Bakı şəhərinin, Abşeron rayonunun sakinlərinə veriləcək su Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verəcək. Mən xatırlayıram ki, dörd il bundan əvvəl biz burada bu kompleksin təməl daşını qoyduq. Şadam ki, artıq bu nəhəng infrastruktur obyekti istismara verilir.
Bu sutəmizləyici qurğular kompleksi dünyanın ən böyük təmizləyici infrastruktur obyektidir. Biz fəxr edirik ki, bu, Azərbaycanda, Bakıda yaradılıb. Bu kompleksin tikintisi üçün böyük həcmdə dövlət vəsaiti ayrılıb. Əlbəttə ki, bu günə qədər infrastruktur layihələrinin icrası da bu kompleksin işinə öz dəstəyini verir. İlk növbədə, Taxtakörpü su anbarı, Taxtakörpü-Ceyranbatan su kəmərinin tikintisi bu kompleksin fəaliyyətinə, əlbəttə ki, çox müsbət təsir göstərir.

Burada ən müasir texnologiyalar tətbiq olunur. Dünyanın aparıcı şirkətləri burada öz təcrübəsini bizimlə bölüşüblər. Kompleksin istismarı işində də əminəm ki, heç bir problem olmayacaq və beləliklə, biz bu böyük sosial layihəni artıq başa çatdırırıq.

Ümumiyyətlə, Azərbaycanda infrastruktur layihələrinin icrası prioritet məsələdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının əsas məqsədi də Bakıda və bütün bölgələrdə müasir infrastrukturun yaradılmasıdır. Bu istiqamətdə son illər ərzində çox böyük işlər görülmüşdür. Demək olar ki, elektrik enerjisi ilə bağlı bütün problemlər öz həllini tapmışdır. Biz əvvəlki illərdə xaricdən elektrik enerjisi alırdıqsa, bu gün nəinki öz tələbatımızı ödəyirik, eyni zamanda, xaricə də ixrac edirik. Vaxt var idi ki, biz qaz idxalı ilə məşğul idik, bizə qaz çatmırdı. Hazırda görülən işlər nəticəsində Azərbaycan nəinki regionda, dünyada qaz ixrac edən ölkəyə çevrilir. Biz bütün bunları son illər ərzində əldə etmişik. Kənd yollarının tikintisi, sosial infrastrukturun yaradılması həm Bakıda, həm bölgələrdə geniş vüsət almışdır.

Bu infrastruktur layihələrinin içində, əlbəttə ki, içməli su layihələri xüsusi əhəmiyyət daşıyır. Çünki içməli su insanların həyatına birbaşa təsir edən amildir. Şadam ki, bu gün Bakıda və bütün bölgələrdə içməli su layihələri icra edilir. Biz artıq bir çox şəhərlərimizdə mənim iştirakımla bu layihələrin açılışlarını etmişik. Hələ ki bəzi rayonlarda işlər davam edir və qarşıya məqsəd qoyulmuşdur ki, Azərbaycanın bütün şəhərlərində təmiz içməli su fasiləsiz və bütün əhaliyə verilsin".

“Bakıda fasiləsiz içməli suyun verilməsi təxminən 80 faizə çatmışdır”

Prezident qeyd edib ki, bu məqsədə çatmaq üçün artıq çox önəmli addımlar atılıb: “Bununla bərabər, hər il mənim Sərəncamımla Prezidentin ehtiyat fondundan vəsait ayrılır və ən azı 300 subartezian quyusunun qazılması təmin edilir. Çaylar boyu yerləşən kəndlərdə modul tipli təmizləyici qurğular quraşdırılır. Yəni, biz bu məsələlərə kompleks şəkildə yanaşırıq və əlbəttə ki, burada əsas rolu ”Azərsu" icra edir. Şadam ki, son illər ərzində bu sahədə görülən işlər əhali tərəfindən də yüksək qiymətləndirilir. Eyni zamanda, biz görürük ki, məsələlər öz həllini tapmaqdadır.

Əsrlər boyu Azərbaycan və xüsusilə Bakı şəhəri içməli su problemi ilə üz-üzə qalmışdır. Bunun təbii səbəbləri vardır. Əlbəttə, sovet dövründə böyük işlər görülmüşdür, Kür su kəməri çəkilmişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə böyük infrastruktur layihələri icra edilmişdir. Ancaq müstəqillik illərinin ağır şəraiti, xüsusilə 90-cı illərin əvvəllərində yaranmış çox ağır sosial, iqtisadi və siyasi vəziyyət imkan vermirdi ki, biz müasir texnologiyaları Azərbaycana cəlb edək.

Bu məqsədlə çox böyük işlər görülmüşdür. Bəzi layihələr xaricdən götürülmüş kreditlər hesabına icra edilmişdir. Ancaq iqtisadi gücümüz artdıqca biz bu vəsaiti, ilk növbədə, insanları ən çox narahat edən problemlərin həllinə yönəldə bilmişik və bu gün belə gözəl, nəhəng qurğuların istismara verilməsini qeyd edirik. Bir daha demək istəyirəm ki, bu kompleksdə ən müasir texnologiyalar tətbiq edilir, dünyanın ən böyük sutəmizləyici kompleksidir və Bakı şəhərinin, Abşeron rayonunun sakinlərinə xidmət edəcək. Bax, bu gün xəritədəki mənzərə onu göstərir ki, uzun illər içməli sudan korluq çəkən Bakı qəsəbələri bundan sonra bu təmiz suyu alacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu, Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli sudur.

Son illər ərzində görülmüş işlər nəticəsində Bakıda fasiləsiz içməli suyun verilməsi təxminən 80 faizə çatmışdır. Bu, əvvəlki dövrlə müqayisədə çox böyük nailiyyətdir, ancaq əlbəttə, bizi tam qane edə bilməz. Bakı kimi müasir, gözəl, inkişafda olan şəhərdə əhalinin 100 faizi 24 saat fasiləsiz təmiz içməli su ilə təmin edilməlidir. Əminəm ki, biz buna da nail olacağıq. Buna nail olmaq üçün isə iqtisadi potensial lazımdır və biz son illər ərzində apardığımız iqtisadi islahatlar, düşünülmüş siyasət nəticəsində iqtisadi imkanlarımızı böyük dərəcədə artıra bilmişik. Bu gün Azərbaycan iqtisadiyyatı dünya miqyasında bir nümunə kimi göstərilir, hətta böhranlı illərdə bizim iqtisadiyyatımız artır, bu il də artacaqdır. Bizim kifayət qədər böyük maliyyə resurslarımız vardır, onlardan qənaətlə istifadə edirik. Biz bu vəsaiti ölkəyə, xalqa lazım olan bu kimi layihələrə yönəldirik. Əlbəttə, iqtisadi inkişaf gələcəkdə də bizə imkan verəcək ki, bu günə qədər həllini tapmamış layihələr icra edilsin. Onların içində əlbəttə ki, ilk növbədə, içməli su layihələridir. Çünki qeyd etdiyim kimi, elektrik enerjisi ilə bağlı problemlər demək olar ki, həll olunub. Generasiya gücümüz tələbatdan artıqdır. İndi şəbəkələrdə işlər gedir, yeni qurğular quraşdırılır. Bakıda, bütün şəhərlərdə qazlaşdırma 100 faizdir. İndi kəndlərdə də, - kəndlərin haradasa 50 faizi qazlaşdırılıb, - bu istiqamətdə hələ işlər görüləcək. Azərbaycanda ümumi qazlaşdırma 90 faizə yaxınlaşır.

Belə olan halda növbəti illərdə içməli su, kanalizasiya layihələrinin davam etdirilməsi, başa çatdırılması əsas prioritet məsələ olacaqdır və gələn ilin investisiya proqramında da bu məqsədlər üçün kifayət qədər böyük vəsait nəzərdə tutulmalıdır. Çünki nəinki Bakıda və böyük şəhərlərdə, hər bir yaşayış məntəqəsində təmiz içməli su olmalıdır. Təmiz içməli su sağlam həyat deməkdir.

Bizim siyasətimizin təməlində Azərbaycan vətəndaşı dayanır. Azərbaycanın çox güclü düşünülmüş sosial siyasəti vardır və insan amili bu siyasətin mərkəzində dayanır.

İnsan sağlamlığı üçün əsas şərt təmiz içməli sudur. Biz bunu həll edirik. İkinci əsas şərt təmiz havadır. Bunu da həll edirik. Bakıda görülmüş işlər nəticəsində ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşıb. Vaxtilə Balaxanı zibilxanasından qalxan tüstü şəhərin böyük hissəsini əhatə edirdi. İndi nəhəng, müasir zibilyandırma zavodunun inşasından sonra artıq bu problem aradan götürülüb. Artıq Balaxanı zibilxanası adlı yer yoxdur. Orada indi texnopark yaradılır, ərazi abadlaşdırılır, bax, bu ərazidəki kimi ağaclar əkilib. Dörd il bundan əvvəl mən burada olanda heç bir ağac yox idi. İndi böyük bir meşə salınıb. Böyükşor gölü ekoloji təhlükə mənbəyi idi. Onun yanında dayanmaq mümkün deyildi. Adam üfunətdən boğulurdu. İkinci Dünya müharibəsi zamanı hətta ondan açıq neft anbarı kimi istifadə edirdilər. Ondan sonra, lay, kanalizasiya suları, bütün axıntılar oraya tökülürdü. Böyükşor gölünün reabilitasiyası, abadlaşdırılması layihəsinin birinci hissəsini biz cəmi bir il ərzində həll etdik. Gölün 300 hektarı indi tam təmizlənib, bir kilometrdən də çox uzunluğu olan böyük bulvar salınıb, bənd tikilib və işlər davam etdirilir.

Böyükşor gölünün reabilitasiyasının ikinci mərhələsi həyata keçiriləcək və beləliklə, Bakıda çox gözəl, böyük, haradasa 700-800 hektar sahədə göl yaradılacaqdır. Gələcəkdə o gölün ətrafında yaşayış yerləri, yeni parklar da salınacaq. Yəni, o ölü bir yeri biz insanlar üçün diriltdik və dirildirik. Zığ gölü də yaxın zamanlarda təmizlənəcək. O ərazini də tamamilə yaşıllaşdıracağıq və əhalinin sərəncamına verəcəyik. Bir daha deyirəm, biz bunları ona görə edirik ki, buna ehtiyac var. Bizim böyük problemlərimiz ondan ibarətdir ki, 100 ildən artıqdır Bakıda neft sənayesinin yaratdığı fəsadları aradan götürməliyik.

Bibiheybət neft mədənləri - o bir ekoloji fəlakət mənzərəsi idi. Adam ona baxanda dəhşətə gəlirdi. İndi ora baxanda adam gözəl, abad mənzərə, ağaclar, parklar görür. Orada su idmanı kompleksi tikilib, birinci Avropa Oyunlarının yarışlarının bir hissəsi orada keçirilib, bulvar, qazonlar, parklar salınıb. Hətta indi buruqlara o qədər gözəl xidmət göstərirlər ki, onlar da artıq gözəl mənzərənin bir elementlərinə çevrilib.

Bakıda vaxtilə fəaliyyət göstərən yod zavodu böyük bir təhlükə mənbəyi idi. Artıq bu zavod oradan köçürüldü, bütün lazımi tədbirlər görüldü və bu təhlükə mənbəyindən də insanların canını qurtara bildik. Ona görə, içməli su layihəsi bax, bu istiqamətdə görülən işlərin tərkib hissəsidir və bilavasitə insanların sağlamlığına təsir göstərən amildir.

Son illər ərzində iqtisadi inkişaf templərinə görə dünyada bizə bərabər ikinci ölkə yoxdur. Vaxtilə paxıllar, bəzi dairələr, bizim işimizə kölgə salmaq istəyənlər uğurlarımızı neftlə bağlayırdılar. İndi neftin qiyməti iki dəfədən də aşağı düşüb, amma biz yenə də inkişaf edirik, yenə də nümunə göstəririk. Bu ilin 9 ayında Azərbaycanda qeyri-neft sənayesi 10 faizdən çox artmışdır. Ümumi daxili məhsul təxminən 4 faiz, qeyri-neft sektoru təxminən 6 faiz artmışdır. Bu qurğunun istifadəyə verilməsində də biz liderlik göstərmişik. Heç bir başqa ölkədə bu böyüklükdə və bu səviyyədə təmizləyici qurğu yoxdur. Bunu ancaq müstəqil Azərbaycan edə bilər və edir. Gələcəkdə bütün lazım olan infrastruktur layihələrini icra edəcəyik və əminəm ki, 2018-ci ildə başa çatması gözlənilən üçüncü regional inkişaf proqramının icrası nəticəsində Azərbaycanda bütün əsas infrastruktur layihələri icra ediləcək. İnsanlar daha da yaxşı, daha rahat, təhlükəsizlik, əmin-amanlıq, rifah içində yaşayacaqlar".

SƏXAVƏT


Müəllif:

Oxşar xəbərlər