7 Yanvar 2016 11:45
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevi Vaşinqtona dəvət edib. Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Tvitter səhifəsində yazıb. N.Məmmədov bildirib ki, 3 dekabr 2015-ci il tarixdə ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib: "Məktubda Prezident Obama Azərbaycan Prezidentini 2016-cı ildə Vaşinqtona - IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib".

N.Məmmədovun sözlərinə görə, B.Obama öz məktubunda Azərbaycanın qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirdiyini qeyd edib: "Ümidvaram ki, Azərbaycan nüvə və radioloji töküntülərinin qadağası üçün xüsusi səylərini davam etdirəcəkdir".

"Bu dəvət Azərbaycanın qüdrətinə verilən qiymətdir"

ABŞ Prezidentinin dəvətini şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib ki, Nüvə Təhlükəsizliyi Sammiti son dövrlərdə dünyanın Davos İqtisadi Forumu, "Böyük İyirmilik"in sammiti kimi diqqəti cəlb edən siyasi hadisələrindən birinə çevrilib. Onun sözlərinə görə, dördüncü konfransa nüvə silahına, yaxud geniş nüvə tədqiqatları mərkəzinə malik ölkələrlə yanaşı, artıq öz inkişaf sürətinə və beynəlxalq miqyasda nüfuza malik dövlət rəhbərləri də dəvət edilir: "Azərbaycan Prezidentinin bu tədbirə dəvət edilməsi, hesab edirəm ki, ilk növbədə bu gün Azərbaycanın qüdrətinə, onun inkişafına verilən bir qiymətdir. Həmçinin, ABŞ Prezidenti Azərbaycan Prezidentini dəvət etməklə, ümumilikdə, Birləşmiş Ştatlar-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verdiyini də bir daha vurğulayır".

A.Mirzəzadə qeyd edib ki, sammit çərçivəsində təkcə nüvə təhlükəsizliyi məsələləri müzakirə edilməyəcək, ümumilikdə ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi də gözlənilir: "Bunların içərisində ABŞ və Azərbaycan dövlət başçılarının ayrıca bir görüşünün keçirilməsi, dünya əhəmiyyətli məsələlərin, o cümlədən Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması məsələsi də, əlbəttə, əsas müzakirə edilən mövzulardan biri olacaq. Sammitə dəvət ümumilikdə, dünyanın ən böyük dövlətlərindən birinin Azərbaycanın dövlətçiliyinə, onun apardığı siyasətə verdiyi yüksək dəyər kimi qiymətləndirilməlidir".

"Anti-Azərbaycan layihəsinin sıradan çıxmasına təsiri ola bilər"

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Azərbaycan Prezidentinin Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsini yüksək qiymətləndirdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan nüvəsiz dünyaya inanan və dünyanı nüvə silahından xilas etmək uğrunda mübarizə aparan dövlətlərdən biridir. Onun sözlərinə görə, baxmayaraq ki, Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, lakin ölkəmiz heç zaman dağıdıcı silahlara meyilli olmayıb: "Ümumiyyətlə, dünyanın silahsızlaşdırılması məsələsində Azərbaycan həmişə aktiv rol oynayıb. Bu, Barak Obamanın məktubunda da qeyd edilib və yüksək qiymətləndirilib. Azərbaycan ümumiyyətlə, dünyanın kütləvi qırğın silahlarından azad edilməsi istiqamətində həmişə fəal iştirak edib və nüvəsiz dünya uğrunda mübarizədə özünün açıq mövqeyini həmişə sərgiləyib. Məhz buna görə də Barak Obama Azərbaycan Prezidentini nüvəsiz dünya uğrunda mübarizə sammitinə dəvət edib. Mən inanıram ki, o sammitə dəvət almayan ölkələr sırasında dünyanın aparıcı dövlətləri də olacaq".

Müsahibimiz qeyd edib ki, ölkəmizin sammitə dəvət edilməsi həm də Azərbaycan-Amerika münasibətlərinin inkişafına bir töhfə ola bilər: "Çünki son vaxtlar Azərbaycan-Amerika münasibətlərində soyuq küləklər əsməkdədir. Sözsüz ki, bu dəvət çox böyük əhəmiyyət daşıyır. Güman edirəm ki, Azərbaycan-Amerika münasibətlərinin yenidən əvvəlki dövrünə qaytarılması işinə, yəni bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması işinə köməklik edəcək. Mənə elə gəlir ki, bu dəvətin və səfərin son vaxtlar ABŞ Konqresində gündəmə gəlmiş anti-Azərbaycan layihəsinin sıradan çıxmasına təsiri ola bilər. Həm Azərbaycan, həm də Amerika tərəfi siyasətin bəzi yönlərinə diqqəti artırmalıdırlar. Güman edirəm ki, tərəflər sözügedən səfərədək bu istiqamətdə müəyyən işlər görə bilərlər. Bundan sonra Amerika ilə Azərbaycan arasında mübahisə doğuracaq hər hansı məsələ qalmaz. Beləliklə, Azərbaycan-Amerika münasibətləri tam axarına otura bilər. Mən buna çox ümidliyəm və inanıram ki, bu dəvətnamə artıq ikili münasibətlərdə böyük dönüşə səbəb olacaq".

"Smitin bədnam qanun layihəsinin qarşısını almaq mümkün olacaq"

"Atlas" Araşdırmalar Məkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevi Vaşinqtona Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etməsi iki ölkə arasındakı münasibətlərin normallaşması baxımından vacibdir. Onun sözlərinə görə, Barak Obama 2010-cu ildə keçirilən ilk Nüvə Təhlükəsizliyi Sammitinə Ermənistanı dəvət etmişdi. Belə ki, bu ölkədə qurulan xunta rejiminin başçısı Serj Sərkisyan Vaşinqtona getmişdi, bu da Azərbaycan tərəfinin haqlı narazılığına səbəb olmuşdu: "Bu dəfə Vaşinqton fərqli qərar verdi. Tədbir martın 31-də keçiriləcək. İlham Əliyevin Vaşintona səfəri həm iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq, həm də Konqresdə Kristofer Smitin bədnam qanun layihəsinin, o cümlədən "Maqnitski qanunu"nun Azərbaycana tətbiqinin qarşısını almaq mümkün olacaq".

"ABŞ Azərbaycanla münasibətlərə xüsusi önəm verir"

"ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevi Vaşinqtonda baş tutacaq IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etməsi ölkəmiz üçün mühüm hadisədir və Azərbaycanın nə qədər əhəmiyyətli dövlət olduğunun göstəricisidir".

Bunu isə siyasi ekspert Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, bu gün Azərbaycan regionda ən inkişaf etmiş dövlətlərdən biridir: "Məhz bu baxımdan ABŞ Prezidentinin Azərbaycan Prezidentinə dəvəti məqsədəmüvafiq hal kimi qiymətləndirilməlidir". O, əlavə edib ki, bu dəvət ABŞ-la Azərbaycan arasında münasibətlərin inkişafına mühüm töhfə verəcək.

Ekspert bildirib ki, bu dəvət, eyni zamanda, ABŞ-la Azərbaycan arasında münasibətləri korlamağa çalışan qüvvələrə bir mesajdır: "Bu dəvət bir daha onu göstərir ki, ABŞ-ın Azərbaycana münasibəti ayrı-ayrı şəxslərin, hansısa qüvvələrin fikirləri əsasında formalaşmır. ABŞ Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Azərbaycan dünyəvi dövlətdir və müasir qanunlarla idarə olunur. ABŞ da bunu yaxşı başa düşür".

Xatırladaq ki, IV Nüvə Təhlükəsizliyi Sammiti 31 mart-1 apreldə Vaşinqtonda keçiriləcək.

Səxavət HƏMİD


Müəllif: