2 Mart 2016 12:09
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arif Rəhimov: “İdman dünyasının böyük şəxsiyyətinin dəstəyi çox əhəmiyyətlidir”

Fernando Alonso: “Rəqiblərim də Bakıda keçiriləcək yarışı texniki cəhətdən çox bəyənəcəklər”

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) martın 2-də Gilan Mehmanxanalar Qrupu, Bakı Bulvar və Şah Palas otelləri ilə qarşılıqlı əməkdaşlıq imkanlarının inkişafına dair memorandum imzalayıb.

Mərasimdə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim, Gilan Mehmanxanalar Qrupunun icraçı direktoru Elgün Məmmədov, Bakı Bulvar otelinin baş meneceri Valentin Osolos və Şah Palas otelinin baş meneceri Davut Furkan Emen iştirak edib.

İmzalanma mərasimində tərəflər bu il Bakıda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisi çərçivəsində qarşılıqlı əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyət göstərmək haqqında razılıqlarını ifadə ediblər.

Görüşdə çıxış edən Bülənt Özərdim ölkədə yarış ərəfəsində mehmanxana fəaliyyətinin daha səmərəli şəkildə təşkil olunmasının zəruriliyindən danışıb: “Azərbaycan bu il möhtəşəm yarışa ev sahibliyi edir və dünyanın müxtəlif ölkələrindən minlərlə Formula 1 azarkeşi yarışı tribunalarda canlı izləmək üçün Bakıya gələcək. Biz belə mötəbər yarışların keçirilməsinin Azərbaycanın turizm sektoruna, xüsusilə otel biznesinə, nəzərə çarpacaq ölçüdə sərmayə qazandıracağına, qısa və uzunmüddətli perspektivdə gəlirlər gətirəcəyinə inanırıq. Bütün gücümüzlə çalışırıq ki, Avropa Qran Prisi yüksək səviyyədə keçirilsin.

B.Özerdim bildirib ki, 17 - 19 iyunda Bakıda təşkil olunacaq Avropa Qran Prisi müəyyən çətinliklərlə müşayiət olunacaq. Onun fikrincə, uzunmüddətli layihə növbəti illərdə daha böyük səmərələr əldə edəcək: “Formula 1 futbol üzrə dünya çempionatından, olimpiya oyunlarından sonra ən çox izlənilən yarışdır. Son statistikaya görə, Qran Pri yarışlarını 425 milyon insan tamaşa edir. Bakıya 10 min əcnəbi turistin gəlişi gözlənilir. Formula 1 Azərbaycanda ilk dəfə keçirildiyi üçün bütün dünyanın gözü üzərimizdə olacaq”.

BŞH rəsmisi Avropa Qran Prisinə ilk biletin ABŞ-dan gecə saatlarında alındığını və buna çox təəccübləndiklərini dilə gətirib: “İki aydan çoxdur bilet satışına başlamışıq. İlk bileti alan şəxs ABŞ-dan oldu. Bileti satışa çıxardıqdan az sonra ABŞ vaxtı ilə gecə saat 3-də almışdılar. Bu, bizi xeyli sevindirdi və ümidləndirdi. Demək, Avropa Qran Prisinə maraq gecə vaxtı da insanları bilet almağa sövq edib. Ümumiyyətlə, biletlərin 65 faizinin xarici ölkələrə satılacağını gözləyirik”.

Tədbir zamanı Formula 1 Avropa Qran Prisinin daha bir rəsmi elçisi elan olunub. Formula 1 üzrə dünya çempionatının ikiqat qalibi və hazırda McLaren Honda komandasının heyətində yarışan pilot Fernando Alonso 2016 Formula 1 Avropa Qran Pri yarışının rəsmi elçisi seçilib.

Qeyd edək ki, Fernando Alonso Formula 1 tarixinin ən uğurlu və ən məşhur pilotlarından biridir. İspaniyalı pilot iki dəfə dünya çemiponu tituluna yiyələnib, 32 dəfə Qran Pri yarışının qalibi adına layiq görülüb və 97 dəfə podyuma çıxıb.

F.Alonso, eyni zamanda, bir vaxtlar İspaniyada keçirilmiş Avropa Qran Pri yarışlarının qalibi olmuş azsaylı pilotlardan biri kimi tarixə düşüb. O, 2012-ci ildə Valensiyada baş tutmuş sonuncu Avropa Qran Pri yarışı daxil olmaqla məhz bu Qran Pri yarışlarında ümumilikdə 3 dəfə birincilik əldə edib.

Rəsmi elçi kimi fəaliyyətə başlayan Alonso 8-9 mart tarixlərində Bakıya ikigünlük səfər edəcək. Beləliklə, o, Bakıya səfər edəcək ilk Formula 1 pilotu kimi tikintisi davam edən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə aparılan hazırlıq işlərinin gedişatını yerində izləyəcək. Səfər zamanı ispaniyalı pilot, ardıcıl olaraq ensiz yoxuşlardan, İçərişəhər divarları ətrafındakı kəskin döngələrdən və avtomobillərin 340 km/saat sürət yığa biləcəyi sürətlənmə xəttindən keçəcək və gözoxşayan mənzərəyə sahib şəhər trekində bu yay baş tutacaq yarışlarda McLaren komandasını gözləyən çoxsaylı çətinliklərlə əyani şəkildə tanış olmaq imkanı əldə edəcək.

“Mənim üçün böyük şərəfdir”

Məşhur Formula 1 pilotu rəsmi elçi seçilməsinə görə şad olduğunu dilə gətirib: “2016 Formula 1 Avropa Qran Prisinin rəsmi elçisi seçildiyim üçün çox şadam. Bakıya səfər edəcək və yeni trekin xüsusiyyətlərini incələyəcək ilk Formula 1 pilotu olmaq mənim üçün böyük şərəfdir. Bu şəhər haqqında indiyədək xeyli maraqlı məlumat eşitmişəm və oxumuşam. Odur ki, onu əyani şəkildə görməyi səbirsizliklə gözləyirəm. Karyeram ərzində üç dəfə Avropa Qran Pri yarışının qalibi olaraq bu yeni və gözəl məkanda keçiriləcək eyni adlı yarışın Formula 1-in təqviminə yenidən əlavə olunmasını təbliğ etməyim məqsədəuyğun hesab olunmalıdır. Əslində, Avropa Qran Prisinin Valensiyada keçirilən ən son yarışında qələbə qazanmaq üçün dəf etdiyim yol məni məhz bu yarışa mənəvi olaraq ömürlük bağlayıb. Əminəm ki, şəhər treki hər bir sürücü üçün həmişə həyəcanverici və çətin olub. Əldə etdiyim məlumatlara əsasən bu trekin də həmin cəhətdən istisna olmayacağını nəzərə alaraq deyə bilərəm ki, rəqiblərim də Bakıda keçiriləcək yarışı texniki cəhətdən çox bəyənəcəklər”.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov da Fernando Alonsonun rəsmi elçi seçilməsinə münasibət bildirib: “Biz bu xəbərə görə həddindən artıq sevincliyik və Fernandonu gözəl şəhərimizdə qarşılamağı və onun Avropa Qran Prisini Formula 1-in digər yarışlarından fərqləndirəcək cəhətləri ilə dünya ictimaiyyətinə təqdim etməyi səbirsiziklə gözləyirik. Biz trekdə tikinti işlərinin gündəlik olaraq sürətlə davam etdiyi bir ərəfədə bu idman növünün ən məşhur pilotunu Bakı Şəhər Halqası və onun özünəməxsus xüsusiyyətləri ilə tanış edirik. Mən əminəm ki, o, bu fürsətdən istifadə edərək iyun ayında baş tutacaq yarışlarda iştirak etməzdən əvvəl trekə yaxından bələd olacaq. Fernando Alonso kimi Formula 1 üzrə ikiqat dünya çempionunun və bütövlükdə idman dünyasının böyük şəxsiyyətinin dəstəyi bizim üçün böyük əhəmiyyət kəsb edir. Bakıya xoş gəlmisən, Fernando!”

Qeyd edək ki, digər səfirlər həmyerlilərimiz Rəhim Əliyev, Gülhüseyn Abdullayev və Tünzalə Ağayevadır.

Nərgiz EHLAMQIZI


Müəllif: