18 İyul 2016 15:52
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan uğursuz hərbi çevrilişdən sonra daxildəki rəqib qüvvələri neytrallaşdırmaqla məşğuldur. Bu siyasətin davamı Ərdoğanın aylarını, bəlkə də illərini alacaq”.

Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, iki gündür davam edən kütləvi həbslər ordunun gücünü zəiflədəcək: “Minlərlə hərbçi, yüksək rütbəli zabit həbs olunub. Dövlət bunların hazırlanmasına vaxt və pul xərcləyib. Peşəkar hərbi pilotu hazırlamaq üçün uzun illər lazımdır, indi isə onların bir qismi həyatlarının qalan hissəsini həbsxanada keçirəcəklər. 8 min polis işçisi həbs olunub.

Hər ailəni 4-5 nəfərdən götürsək, ancaq polis sistemindəki həbslər təxminən 40 min nəfərin həyatının puç olması deməkdir, bu, ailələrdəki uşaqlar da travma alacaqlar”.

E.Şahinoğlu bildirib ki, əlbəttə, Ərdoğan bu həbslər və təmizləmələr vasitəsilə əlini gücləndirəcək, ancaq Türkiyə prezidenti xarici siyasətdəki ambisiyalarına göz gəzdirmək məcburiyyətində qalacaq: “Ərdoğan zəifləmiş ordu ilə hansı dövləti qorxu altında saxlaya bilər? Ərdoğan hələ bir müddət vaxtının çoxunu daxili problemlərin həllinə yönəldəcək, xarici siyasətdə isə küsdükləri ilə barışmaq məcburiyyətində qalacaq. Ərdoğanın bundan sonra kimsəyə xaricdə barmaq silkələməsi də problematikdir. Deyərlər ki, get hələ daxilindəki problemlərini həll et, sonra bizimlə mübahisə edərsən. Ərdoğan boyük ehtimalla Rusiya ilə də yaxınlaşacaq.

Rusiya prezidenti Vladimir Putin Qərb liderlərindən fərqli olaraq yeganə lider idi ki, çevriliş sonrası Ərdoğana zəng edərək ona dəstək ifadə etdi. Moskva hətta çevriliş uğurlu olacağı halda Ərdoğana siyasi sığınacaq verəcəyini də açıqladı. Türkiyə hardan hara gəldi. İnşallah, Türkiyə bu çətinlikləri də adlayıb növbəti inkişaf mərhələsinə qədəm qoyar. Bu, Azərbaycana da lazımdır. Ancaq mən o fikirlə razıyam ki, biz öz yolumuzla getməli, dünyəviliyimizi qorumalıyıq”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər