28 İyul 2016 11:33
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əgər müxalifət başqa cür davransaydı, bu, məni təəccübləndirərdi. Təcrübədən məlumdur ki, Azərbaycan müxalifətinin bir çox təmsilçiləri müxalifətçiliyi iqtidarın istənilən təşəbbüsünə qarşı çıxmaq kimi başa düşür. İqtidarın dilindən çıxan ən adi həqiqətin onlar tərəfindən yalanlanması cəhdlərinə cəmiyyətimiz adət edib. Ona görə də belə davranış norması seçmiş müxalifət təmsilçilərinin “tənqidləri” cəmiyyət tərəfindən, yumşaq şəkildə desək, soyuq qarşılanır”.

Teleqraf.com xəbər verir ki, bunu YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədov bəzi müxalifət partiyalarının Referendum Aktı ilə bağlı mövqeyini şərh edərkən deyib.

Əli Əhmədov bildirib ki, Konstitusiyaya dəyişikliklər təklif etmək, referendum təyin etmək Konstitusiya ilə Azərbaycan Respublikasının Prezidentinə verilmiş səlahiyyətdir:

“Dünyanın hər bir yerində olduğu kimi, Prezident yetişmiş ehtiyaclara uyğun olaraq zəruri dəyişikliklər paketini cəmiyyətə təqdim edir. Təbii ki, bu zaman o, cəmiyyətin çoxluğunun və özünün düzgün saydığı dəyişikliklər konsepsiyasını hazırlayır. Hər kəs etiraf etmək zorundadır ki, bu, onun müstəsna səlahiyyətidir. Hakim rolunda isə xalq çıxış edir. Prezidentin təklifləri xalq tərəfindən səs çoxluğu qazandıqdan sonra konstitusion normaya çevrilir. Bu mənada, ayrı-ayrı müxalifətçilərin təklif olunan dəyişikliklərə rəng verməyə çalışması ən azından, başa düşülən deyil.

Bir sıra müxalifət nümayəndələrindən fərqli olaraq cəmiyyətin böyük kəsimi, müşahidələrimə əsasən deyə bilərəm, bu dəyişiklikləri anlaşma ilə qarşılayır. Prezident İlham Əliyevə cəmiyyətimizdə böyük inamın olduğu sirr deyil. Bu inam onun irəli sürdüyü Konstitusiya dəyişiklikləri təklifinə insanlarımızın düzgün yanaşmasının əsasında dayanır. Əminəm ki, nəzərdə tutulan referendum növbəti dəfə İlham Əliyevə ümumxalq inamının nümayişinə çevriləcək”.

Cavad


Müəllif:

Oxşar xəbərlər