1 Avqust 2016 17:50
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yarım aydan artıqdır ki, Ermənistanda ziddiyyətli proseslər cərəyan edir. Belə ki, silahlı bir qrup iyulun 17-dən etibarən Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt edib. İyulun 17-dən iyulun 31-dək Silahlı qrupla danışıqlar heç bir səmərə verməyib və onlar binanı azad etməməkdə israrlı olublar. Yalnız iyulun 31-də silahlı qrup təslim olmağı qərara alıb.

Ermənistan millli təhlükəsizlik xidmətinin yaydığı açıqlamada antiterror əməliyyatının başa çatdığı, 20 terrorçunun saxlanıldığı bildirilib. Məlumatda patrul-mühafizə alayının binasının tam təmizləndiyi qeyd olunub.

Oxucular polis binasını, yaxud hansısa mühüm dövlət obyektini terrorçuların ələ keçirib hansısa tələblər irəli sürmələrinin yayğın bir hal olduğunu söyləyə bilərlər.

Ancaq o da unudulmamalıdır ki, belə hallarda dövlət kiçik bir əməliyyat keçirərək terrorçuların ələ keçirdikləri obyektin dərhal azad edilməsi əməliyyatına başlayır. Onlarla aparılan danışıqlar fayda vermədikdə təslim olmaq tələbi irəli sürülür. Silahlı qrup təslim olmazsa, onlara qarşı silah işlədilir və zərərsizləşdirilirlər. Bu zərərsizləşdirmə əsasən terrorçuların fiziki məhvi ilə yekunlaşır. Ermənistanda isə polisin silahlılarla loyal davranışı diqqət çəkir. Sanki hökumət prosesləri idarə edir və vəziyyətin nəzarətdən çıxmasına imkan vermir. Son günlər təcavüzkar ölkə paytaxtında baş verənləri başqa cür izah etmək çətindir.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov Teleqraf.com-a açıqlamasında bildirib ki, 1994-cü ildən başlayaraq danışıqlar prosesində bu təcrübədən istifadə edildiyi məlumdur.

Belə ki, Ermənistan hər dəfə həm Azərbaycan, həm də beynəlxalq təşkilatlar və həmsədr dövlətlər tərəfindən hansısa razılaşmaya məcbur ediləndə erməni hakimiyyəti, yaxud Ermənistanı idarə edən daxildəki və xaricdəki, qüvvələr hökmən müəyyən oyunlara əl atıblar: “Bu, ilk dəfə deyil. Artıq 20 ildən çoxdur ki, bu proses davam edir. Bu da onların növbəti bir oyunudur. Yəni, danışıqlar prosesinin fəallaşdığı bir dövrdə, həmsədr dövlətlərin, xüsusilə də, Rusiyanın irəliyə doğru müsbət istiqamətdə hansısa addım atacağı gözlənildiyi halda, ABŞ və Fransanın da buna razılıq verdiyi bir məqamda bunlar artıq nəyə isə məcbur olmalıdırlar. “Nəyə isə” deyəndə ki, bu “nəyə isə” məlumdur; Azərbaycan torpaqları işğaldan azad olunmalıdır. Bunların işğalçı qoşunları Azərbaycan ərazisindən çıxmalıdır. Bu mərhələdə bunlar müxtəlif oyunlara əl atırlar.

Bu da Sərkisyan komandasının, eyni zamanda xaricdən Ermənistanı idarə edən qüvvələrin və daxildə özünü Sərkisyana müxalif kimi göstərən, reallıqda isə Sərkisyanla əlbir işləyən terrorçu, cinayətkar qüvvələrin birlikdə fikirləşib həyata keçirdikləri növbəti bir adımddır. Məsəd danışıqların vaxtını uzatmaq, danışıqlarda onların üzərinə qoyulan müəyyən tələblərdən, öhdəliklərdən yayınmaq, qaçmaqdır.

Yəni, guya Ermənistan cəmiyyətinin, ictimaiyyətinin bu məsələlərlə razı olmadığı görüntüsünü yaratmaqdır. Əgər belə olarsa, guya onlar üsyan qaldıracaq, itaətsizlik göstərəcəklər və sair və ilaxır. Bunlar hamısı erməni məkrinin, hiyləsinin, xislətinin növbəti fırıldaqlarıdır. Əsas məqsəd ststus-kvonun qorunub saxlanılması, ərazilərimizin işğal altında qalma ömrünün bir qədər də uzadılması, bunun müqabilində Sərkisyanın siyasi hakimiyyətinin davam etməsidir”.

E.Məmmədov bildirib ki, bunlar hamısı Sərkisyan və onu müdafiə edən, qoruyan daxili və xarici qüvvələr tərəfindən törədilən fırıldaqlardır: “Bəzən belə fikirlər səslənir ki, yaxşı, bəs burda hər iki tərəfdən ölüm hadisələri, yaralananlar və sair hallar var. Yəni, bunların öz niyyətlərini həyata keçirmələri üçün o 3-5 nəfərin ölümü heç nədir. Bundan da çox itiki ola bilər. Koçaryan hakimiyyətinin ikinci ilində Ermənistan parlamentinin güllələnməsini yada salaq. Yəni, bunlar hamısı qurulmuş fırıldaqlardır. Ona görə biz bunların fırıldaqları qarşısında nə etməliyik?! Bunlar hətta belə bir variant əl ata bilərlər. Sərkisyan terrorçudur, cinayətkardır, hərbi canidir. O hiyləgər tülkü kimi diqqəti yayındırmaq, Ermənistanda vəziyyəti sakitləşdirib erməni xalqının fikrini yayındırmaq üçün belə bir şey edə bilər.

Cəbhə xəttinin istənilən nöqtəsində, ya təmas xəttində, ya da Ermənistan-Azərbaycan sərhədində, deyək ki, Qazaxdan başlamış Naxçıvana qədər olan ərazilərdə növbəti çox ciddi təxribata əl ata bilərlər. Məqsəd də qeyd etdiyim kimi cəmiyyətin, beynəlxalq təşkilatların, həmsədr dövlətlərin diqqətini yayındırmaq ola bilər. Buna görə də biz Azərbaycan tərəfi olaraq çox diqqətli, çox ayıq-sayıq olmalıyıq və bunlar danışıqlardan bu yolla yayınmağa can atdıqları təqdirdə Azərbaycan aprelin əvvəlində olan müəyyən hərbi hərəkətləri daha güclü, daha effektli və daha uzunömürlü şəkildə, bir-iki günlük yox, 5-6 gün müddətində təkrar etməlidir. Özü də bir dəfə yox, bir neçə dəfə. Bəlkə bu sillələr onları ağıllandıra. Başqa çıxış yolu yoxdur”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər