Bu gün imzalanan birgə bəyannamə həm görülən işləri, bizim niyyətimizi, mövqeyimizi, eyni zamanda, gələcəyə baxışlarımızı əks etdirir.
Teleqraf.com-un məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün Bakıda keçirilən sammitdə yekun nitqində deyib.
Prezident İlham Əliyev bildirib ki, iki gündür ikitərəfli formatda görüşlər keçirilir: "Dünən İran İslam Respublikasının Prezidenti cənab Ruhani ilə mənim görüşüm olub, bu gün Rusiya Prezidenti cənab Putinlə görüşüm olub. Rusiya və İran prezidentləri də bu gün görüşüblər. Yəni bu görüşlərin çox böyük mənası var. Əslində, üçtərəfli format ikitərəfli əlaqələrin əsasında yaranır. Şadam ki, həm Azərbaycanın Rusiya və İranla, həm də Rusiyanın da İranla əlaqələri çox yüksək səviyyədədir və bu əlaqələrin inkişafı imkan verir ki, bu gün biz yeni əməkdaşlıq formatı haqqında nəinki danışaq, onu yaradaq. Yaşadığımız region çox mürəkkəbdir, risklərlə, təhdidlərlə dolu bölgədir və getdikcə əfsuslar olsun ki, bu risklər azalmır, artır. Belə olan halda üçtərəfli əməkdaşlıq regional təhlükəsizlik üçün əsas şərtdir. Rusiya, İran, Azərbaycan üçtərəfli əməkdaşlığı bölgədə sabitləşdirici faktordur".
Dövlət başçısı deyib: "Biz birgə səylərlə hesab edirəm ki, həm ölkələrimizi mümkün olan risklərdən qoruyacağıq, eyni zamanda, geniş mənada regionda əməkdaşlığı dərinləşdirəcəyik. Bu gün gündəlik çox genişdir. Artıq həmkarlarım bu barədə çıxışlarında öz sözlərini dedilər. Əlbəttə ki, biz gələcəkdə siyasi əlaqələri daha da möhkəmləndirməliyik. Biz qonşuyuq, mehriban qonşuluq şəraitində yaşayırıq və bu birliyi möhkəmləndirməliyik. Eyni zamanda, iqtisadi sahədə, ixrac potensialımızın artırılması, ticarət dövriyyəsinin artırılması istiqamətində əlavə tədbirlər görüləcək və nümayəndə heyətlərinin müvafiq nazirləri bu məsələ ilə bağlı artıq görüşüblər və müəyyən razılığa gəliblər. Xüsusilə nəqliyyat energetika sahəsində əməkdaşlıq üçün çox yaxşı imkanlar var və bu əməkdaşlıq üç ölkənin səyi ilə yaranıb və bir çox ölkələr buna qoşulacaq".