13 Oktyabr 2016 12:33
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Strasburqda keçirilən payız sessiyasında “Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq: konkret və genişlənmiş öhdəliyə doğru” qətnamə layihəsi ətrafında müzakirələr aparılıb.

Teleqraf.com-un məlumatına görə, mövzu ətrafında müzakirələrdə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Xocalı soyqırımından danışıb: “Bu qətnamə layihəsinin məqsədi soyqırımlar, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətlərinin qarşısını almaq, bunları törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmaqdır. Mənim və mənim kimi minlərlə azərbaycanlının bəzilərinin ailə üzvləri, qohumları, bəzilərinin döstları Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı qətlə yetiriliblər. Biz insanlıq əleyhinə cinayətlər, savaş cinayətləri törədənlərin ədalər qarşısında cavab verməsini ən çox dəstəkləyən ölkə və xalqlardan biriyik. AŞ PA-da bir çox qərarlar alınır, amma yenə də soyqırımlar, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətlərinin şahidi oluruq. Ona görə də AŞ PA sadəcə qərarlar qəbul etməklə kifayətlənməməlidir. Qəbul etdiyi qərarların həyata keçirilməsi məsələsinə ciddi diqqət yetirməlidir. Belə olarda bir çox cinayətlərin qarşısını zamanında almaq və ya bu cür cinayətləri törədənlərin ədalət qarşısında cavab verməsini təmin etmək mümkün ola bilər”.

Q.Paşayeva bildirib ki, AŞ PA prinsiplərinə görə təşkilata üzv olan bir ölkə digərinin torpaqlarını işğal edə və işğal altında saxlaya bilməz. Bunu edən ölkəyə qarşı ciddi tədbirlər görülməlidir: “Amma Azərbaycan torpaqlarının 20 fazini 20 ildən artqdır ki işğal altında saxlayan Ermənistana qarşı Avropa Şurası tərəfindən heç bir ciddi addımlar atılmır. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edərək, 20 mindən çox azərbaycanlını qətlə yetirib, Xocalı şəhərində dinc azərbaycanlılara qarşı soyqırım törədib, on minlərlə insan bədən üzvlərini, sağlamlığını itirib, 1 milyon azərbaycanlı 20 ildən artıqdır ki, məcburi köçkün həyatı yaşayır və öz evinə dönə bilmir. Bu dəhşətləri törədən, BMT və AŞ PA qətnamələrini yerinə yetirməkdən imtina edən Ermənistana qarşı isə bu təşkilatlar tərəfindən heç bir ciddi addımlar atılmır. Ermənistan Xocalıda bir gecədə çoxu qadın,uşaq, yaşlı olmaqla 613 insana qarşı dəhşətli bir soyqırım həyata keçirdi, yüzlərlə azərbaycanlı əsir, girov götürüldü, işgəncə verildi, minlərlə insan sağlamlığını, ailə üzvlərini, evini itirdi və bu gün xocalılar da daxil olmaqla 1 milyon azərbaycanlı köçkün öz evinə dönə bilmir və o adamlar sizi ədaləti müdafiə etməyə, insanlıq əleyhinə bu cinayətləri törədənlərin ədalət qarşısında cavab verməsinə nail ola bilmək üçün dəstək olmağa çağırır. Çünki bu soyqırımı törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Onların bir hissəsi Ermənistanda yüksək vəzifələr tuturlar. Əsir, girov götürdükləri azərbaycanlılara qarşı işgənclər verənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Ermənistanda onların hamısı dövlət səviyyəsində müdafiə edilir. Görüşdüyüm bütün xocalıların sizdən istəyi də sadəcə ədalət, ədalətin müdafiəsidir. Bu, əslində torpaqları, evləri işğal altına düşmüş milyonlarla insanın AŞ PA-ya çağırışıdır. Təşkilatımız qəbul etdiyi qərarların yerinə yetiriıməsi istiqamətində Ermənistana ciddi təsir etməlidir. Ədalətin bərpası bundan keçir. Ümid edirəm ki, bu gün qəbul olunacaq sənəd insanlıq əlehinə cinayətlərə qarşı ciddi bir mübarizə imkanı yaradacaq və onların yerinə yetirilməsinə ciddi nəzarət edə biləcəyik”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər