“Trampın seçki pozuntularına dair ittihamları araşdırılmalıdır”
ABŞ-da noyabrın 8-də keçiriləcək prezident seçkiləri dünyanın diqqət mərkəzindədir. Dünyanın aparıcı dövlətində keçiriləcək 58-ci seçki təkcə Amerika üçün deyil, bütün dünya ölkələri üçün ciddi əhəmiyyət kəsb edir. Bu üzdən okeanın o tayında cərəyan edən siyasi proseslər hər bir ölkədə güniş müzakirə edilir. Amma seçkiöncəsi rəqib namizədlər – respublikaçı Tramp və demokrat Klinton arasındakı mübarizə, tərəflərin açıqlamaları demokratiyanın beşiyi adlandırılan ABŞ-la bağlı tam fərqli mənzərə yaradır. Hətta Trampın özü keçiriləcək seçkilərin demokratikliyini şübhə altına alan ciddi açıqlamalar verməkdədir.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətləri Araşdırma Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov ABŞ-da prezident seçkilərinin şəffaf və ədalətli keçiriləcəyinə inamın olmadığı qənaətindədir.
"Bu, təkcə mənim qənaətim deyil. Dünyanın aparıcı siyasi araşdırma mərkəzləri, siyasi xadimlər ABŞ-dakı seçkilərin demokratikliyinə şübhə ilə yanaşırlar. İlk baxışdan seçki marafonu demokratik görüntü yaradır. Rəqiblər arasında ziddiyyətlərin artması, qarşılıqlı kəskin ittihamlar seçki prosesini maraqlı, diqqətçəkən etsə də, pərdəarxasında fərqli oyunların cərəyan etdiyinə dair məlumatlar var. Donald Trampın seçki saxtakarlığı ilə bağlı şərhləri bu olkədə demokratiyanın dünyaya təqdim edildiyi tərzdə olmadığını göstərir. Məsələn, Tramp bildirib ki, prosess saxtadır, seçkilər saxtalaşdırılır. 1,8 milyon insan öldüyü halda seçici kimi ABŞ-da keçiriləcək prezident seçkilərində qeydiyyata alınıb. Trampa görə, Hilari Klinton prezident olmaq üçün seçkiləri saxtalaşdırmağa hazır və qadirdir. Amerikada irqi diskriminasiyanın güclənməsi, islamofobiya bu seçki marafonunda açıq müşahidə edildi. Tramp “mafiyalaşmış dövlət aparatı” saydığı siyasi sistemə qarşı mübarizə apardığını dediyi üçün hətta mənsub olduğu Respublikaçılar Partiyasının qınağına tuş gəlib. Trampın seçki pozuntularına dair ittihamları araşdırılmalıdır. Ən ciddi ittihamlardan biri də, KİV-lərin sifarişlə işləməsi, namizədlərdən birinə qarşı qara piar kampaniyası aparması oldu. Bütün bunlar dünyaya demokratiya dərsi keçən bir ölkə üçün yaraşmayan bir durumdur. Dünyaya “demokratiya dərsi”keçən ABŞ-ın özünü imtahan etmək lazımdı ", deyə Rufiz Qonaqov qeyd edib.
BMAM sədri bildirib ki, 200 illik tarixi olan “Amerika demokratiyası”nda böhran prosesinin getdiyini siyasi mərkəzlər təsdiqləyirlər: "Mərkəzi ofisləri ABŞ-da fəaliyyət göstərən beynəlxalq təşkilatlar ayrı-ayrı ölkələrdə, o cümlədən Azərbaycanda keçirilən seçkilərlə bağlı şər və böhtan dolu sifarişli hesabatlar hazrlayıblar. Amma nədənsə həmin təşkilatların indi səsi çıxmır. Bu həmin təşkilatlardır ki, Azərbaycanda seçkiqabağı mühiti qənaətbəxş saymırdılar, namizədlərə bərabər imkanların yaradılmadığını bildirirdilər. Halbuki ABŞ-da çoxpartiyalı sistem mövcud ola-ola, orada üçüncü partiyanın namizədinə heç cür şərait yaradılmır. Bu demokratik dəyərlərə sığırmı? Digər siyasi partiyalara bu qədər ögey münasibət haradan qaynaqlanır? ABŞ-da seçki qanunvericiliyi də olduqca qüsurlu hesab edilir.
ABŞ-ın 19 ştatında vətəndaşlardan seçki məntəqəsində yalnız adı öyrənilir və adın şəxsiyyəti təsdiq edən vəsiqə vasitəsilə təsdiqinə ehtiyac duyulmur. 16 ştatda isə vəsiqəyə baxılır, amma bu sənəddə şəklin olması mütləq deyil. Qalan 15 ştatda isə şəkilli sənəd tələb olunsa da, seçki məntəqəsinə həmin vətəndaşı səsvermədən kənarlaşdırmaq səlahiyyəti verilib. ABŞ-da seçkilərə müşahidəçi nəzarəti də problemli olaraq qalır. Onların iştirakı istənilən an dayandırıla, məhdudlaşdırıla bilər.
ABŞ-da seçkilərə beynəlxalş müşahidəçi dəvət edilməsi praktikası da demək olar ki, yoxdur. Xaricdən gəlmələrinə icazə verilən müşahidəçilərin sayı həddən artıq az olur.
Bu gün dünyada demokratik seçkilərə ən çox ehtiyacı olan ölkə məhz ABŞ-ın özüdür".