Aleksandr Lapşinin ekstradisiyası Azərbaycanın milli maraqlarını qorumaq əzmini sübut edən çoxsaylı faktlardan biridir.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov bildirib.
Əli Əhmədov deyib ki, Azərbaycan dövlət müstəqilliyinə, dövlət maraqlarına qarşı çıxan, bununla da milli qanunvericiliyi, beynəlxalq hüquq normalarını pozan şəxslərə qarşı həmişə birmənalı mövqeyini ortaya qoyub. Bu mövqe cinayət törətmiş hər bir şəxsin qanun qarşısında cavab verməsinə imkan yaradır.
“Azərbaycan dövləti kifayət qədər möhkəm dayaqlar üzərində bərqərar olub, qətiyyətli siyasi iradə nümayiş etdirə bilir. Lapşinin ekstradisiyası bu iradəni, dövlət maraqlarını qorumaq naminə ən cəsarətli addımlar atmaq qətiyyətini bir daha ortaya qoyub”,– deyə Baş nazirin müavini qeyd edib.