3 Avqust 2017 09:40
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteninin keçmiş rəisi Vahid Nadirli vəfat edib.

Report xəbər verir ki, V.Nadirli 71 yaşında dünyasını dəyişib.

O, 1987-1993-cü illərdə quruma rəhbərlik edib.

Qeyd edək ki, Vahid Məmmədrza oğlu Nadirli 1946-cı ildə Bakıda anadan olub. Bakı Dəmiryol Nəqliyyatı Texnikumunu, sonra isə Rostov Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunun dəmiryollarının istismarı üzrə mühəndis ixtisasını bitirib.

V.Nadirli əmək fəaliyyətinə 1966-cı ildən Azərbaycan Dəmiryolunun hərəkət xidmətindən başlayıb. Burada o, Bakı dəmiryolu sərnişin stansiyasının stansiya növbətçisi, Azərbaycan dəmiryolunun Bakı hissəsinin qatar dispetçeri işləyib. 1974-1975-ci illərdə Bakı metropolitenində böyük qatar dispetçeri kimi fəaliyyətini davam etdirib. 1979-cu ildə Azərbaycan dəmiryolu Bakı şöbəsi rəisinin hərəkət hissəsi üzrə müavini, 1980-ci ildə "Biləcəri" stansiyasının rəisi, 1980-1983-cü illərdə Azərbaycan dəmiryolunun Gəncə bölməsinin rəisi, sonradan Respublika Nazirlər Sovetinin nəqliyyat və rabitə şöbəsinin müdir müavini vəzifələrində çalışıb. 1987-ci il fevralın 21-də Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilib. 1993-cü il noyabrın 10-dan Azərbaycan Dəmiryolu idarəsinə rəhbərlik edib.

Vahid Məmmədrza oğlu Nadirli SSRİ yollar Nazirliyinin Xatirə qol saatı, “Fəxri dəmiryolçu” döş nişanı və “Şərəf nişanı” ordeni ilə təltif olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər