Hollandiyada aşırı sağçı İD Verzet Hərəkatının bir qrup üzvü Venlo şəhəri yaxınlığında tikilən Töhvid məscidinin hasarlarına və minarəsinə çıxaraq irqçi və islam əleyhinə şüarlar asıb.
Teleqraf.com xəbər verir ki, irqçi qrup eyni zamanda məscidin üzərində türk və holland dilində “Uzaq durun, Hollandiya bizimdir. Ətrafımızda məscid istəmirik. İslamçıları lənətləyirik” ifadələrinin yer aldığı plakat da asıblar. Bununla kifayətlənməyən irqçi qrup fotoları sosial şəbəkədə yayaraq “məscidi işğal etdiklərini” bəyan ediblər.
Tövhid məscidinin rəhbəri Əhməd Dursun bildirib ki, son 30 ildə bölgədə ilk dəfədir belə bir hadisə ilə qarşılaşırlar. O, deyib ki, sözügedən ərazidə aşırı sağçılar çoxdur, ancaq indiyədək belə aksiya olmayıb.
Əhməd Dursun əlavə edib ki, hadisənin mətbuata çıxmasının ardından bəzi gənclər məscidə gələrək duruma müdaxilə etmək istəyib: “Ancaq biz buna icazə vermədik. Bunu edənlər əslində müsəlmanları əsəbləşdirib küçələrə çıxmalarını istəyirlər. Biz artıq bələdiyyə başçısı və digər rəsmlərlə görüşmüşük. Onlar bizim tərəfimizdədir. Biz bu hadisənin bir daha təkrarlanmaması üçün lazımı tədbirlər həyata keçirəcəyik”.