Urmiya-Qoşaçay istiqamətində şiddətli duz və toz fırtınası baş verib.
Teleqraf.com-un məlumatına görə, fırtına Urmiya gölünün cənub-qərb bölgəsinin böyük hissəsini bürüyüb.
Məlumata görə, fırtına Urmiya-Qoşaçay yolunda avtomobillərin hərəkətinə maneçilik törədib.
Qeyd edək ki, Urmiya gölünün quruması nəticəsində gölün 90 faizi qum və duz səhrasına çevrilib. Bu səbəbdən hər il göl ətrafındakı məntəqələrdə duz və qum fırtınaları baş verir. Duz fırtınaları ən azı 14 milyon insanın sağlamlığına ciddi təhlükə yaradır, bölgədə onkoloji xəstəlikləri artırır.
Duz fırtınaları bölgədə kənd təsərrüfatına da ağır ziyan vurur.
Hazırda Urmiya kəndlərində meyvə bağlarının çoxu sıradan çıxıb, ağacların üzərində duz zərrəcikləri görünür.