Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşlarının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, noyabrın 10-da saat 07.40 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Qoşqar Kərimov idarə etdiyi “Fiat Doblo” markalı avtomobili yolun kənarındakı divara vurub.
Nəticədə sürücü hadisə yerində ölüb, sərnişinləri - Elnur Məmişov və Kamal Vəliyev xəstəxanaya yerləşdiriliblər.
Elnur Məmişov xəstəxanada ölüb, Kamal Vəliyevin vəziyyəti orta-ağırdır.
Faktla bağlı Xəzər rayon Polis İdarəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, noyabrın 10-da yayılan məlumata görə, DİN-in Əlahiddə Çevik Polis Alayına məxsus, polis nəfəri, 1982-ci il təvəllüdlü Qoşqar Kərimovun idarə etdiyi “Fiat Doblo” markalı, 90 AP 232 dövlət nömrə nişanlı avtomobil yol kənarındakı hasara çırpılıb.
Nəticədə sürücü və maşında olan polis nəfəri, 1987-ci il təvəllüdlü Elnur Məsimov ölüb. Avtomobildə olan daha bir polis nəfəri, 1985-ci il təvəllüdlü Kamal Vəliyev xəsarət alıb.