28 Noyabr 2017 12:05
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Səudiyyə Ərəbistanına silah satışında rüşvət qoxusu gələn faktları Türkiyə kəşfiyyatına işləyən bir yunanın ictimaiyyətə sızdırmasından sonra Afina çalxalanmağa başlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, şübhəli silah satışına dair bəzi detalların üzə çıxması Yunanıstan hökumət nümayəndələrini açıqlamalar verməyə məcbur edib.

Yunanıstanın Müdafiə naziri Panos Kammenos Səudiyyə Ərəbistanına mərmi və bomba satışı ilə bağlı məqamı müxalifət partiyalarına və mediaya sızdıran şəxsin Türkiyənin Milli İstihbarət Təşkilatı (MİT) üçün çalışan yunan agent olduğunu iddia edib.

Qeyd edək ki, Yunan hökuməti Səudiyyə Ərəbistanı ilə 105 millimetrlik 300 min ədəd mərmi və MK 82 tipli 700 ədəd bomba satışını nəzərdə tutan 66 milyon avroluq anlaşma imzalayıb. Ancaq sonda bəlli olub ki, Yunanıstan qaydalarına zidd olaraq anlaşmada komisyonçu da var.

Yunan müdafiə naziri isə anlaşmanın dövlətlər arasında imzalandığını, Vasilis Papadopulos adlı şəxsin Yunanıstan deyil, Səudiyyə Ərəbistanı adına komisiyonçuluq etdiyini bəyan edib. Əldə edilən silah alış-verişindən imtina edən Səudiyyə Ərəbistanı isə elan edib ki, anlaşmada adı keçən komisoynçu haqda xəbərdən məlumatsızdır.

Yunan mediası isə müqavilə haqqında “Rüşvət iyi gəlir” başlıqlı manşetlər tirajlamağa başlayıb.

Bununla paralel olaraq Müdafiə naziri Kammenos “Epikero” adlı internet saytının xəbərini özünün Tvitter hesabında paylaşıb.

Saytın xəbərində isə ciddi iddialar ortaya atılır:

“Bu haqda mediaya məlumat sızdırılmasının arxasında Yunanıstanın İnterpol vasitəsilə axtardığı və Türkiyə kəşfiyyatına işləyən Emanuil Hacisavvas durur. Emanuil Hacisavvas Yunan Kəşfiyyat Təşkilatının keçmiş əməkdaşıdır və ardıcıl formada Türkiyə lehinə təbliğat aparır. Hədəfi isə yunan hökumətinə zərər verməkdir. Rados adasında külək enerjisi təsissatı quracağını söyləyən və Yunanıstan dövlətinin 8 milyon avrosunu hesabına keçirən Emanuil Hacisavvas 2015-ci ildən yoxa çıxıb. Son dəfə Emanuil Hacisavvas 2016-cı ildə Türkiyənin Sofiya əfirliyində görünüb. Yunan xüsusi xidməti hesab edir ki, Emanuil Hacisavvas oğurladığı 8 milyon avronu Türkiyəyə aparıb və MİT-lə işbirliyinə başlayıb”.

Yunanıstanın ana müxalifət təşkilatı olan Yeni Demokratiya Partiyasının deputatı Adonis Yeorgiadis isə bəyan edib ki, müdafiə nazirinin faktların MİT-in agenti tərəfindən sızdırılması haqda iddiası gülüncdür.

Yorqo Kumuçakos adlı deputat isə bəyan edib ki, madam faktlar türklərin əlindədir, müdafiə naziri istefaya getməlidir.


Müəllif: Cavad

Oxşar xəbərlər